Tacikistan səfiri: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb”

Rustam Soliyev

© APA | Rustam Soliyev

# 25 aprel 2022 11:26 (UTC +04:00)

“Tacikistan və Azərbaycan arasında münasibətlər dərin inama və etibara əsaslanır”.

APA xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev BTMT-də keçirilən müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 29 mayında qurulub.

Səfir deyib ki, münasibətlər dərin inama etibara əsaslanır: “İki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir”.

Rustam Soliyev vurğulayıb ki, bu münasibətlərin qədim tarixi kökləri var.

Səfir bildirib ki, 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyi fəaliyyətə başlayıb, bu illər ərzində qarşılıqlı yüksək səviyyədə səfərlər, görüşlər olub.

Diplomat deyib ki, iki ölkə arasında 62 sənəd imzalanıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Amma bu rəqəmlər bizi qane etmir, potensial böyükdür, biz bu potensialdan istifadə etməliyik. Hökumətlərarası münasibətlər inkişaf edir, həm Tacikistan, həm Azərbaycan dövlət qurumları arasında münasibətlər genişlənir, biz daha 2 strukturla qarşılıqlı münasibətlərin qurulmasını planlaşdırırıq”.

Tacikistanlı diplomat deyib ki, COVID-19 pandemiyası Azərbaycan və Tacikistan münasibətlərinə təsir etməyib: "Biz yeni əməkdaşlıq proqramları üzərində işləyirik, gələcəkdə iki ölkə arasında birbaşa uçuşlar, başqa işlər olacaq. Qardaşlıq münasibətlərimizin gələcəkdə də dərinləşməyə davam edəcəyinə əminəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR