Tbilisidə “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib - FOTO

Tbilisidə “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib - FOTO
# 20 yanvar 2023 18:51 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə 20 Yanvar faciəsinin ildönümü münasibətilə “Müstəqilliyə aparan yol” adlı anım tədbiri keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində təşkil edilmiş tədbirdə Gürcüstan parlamentinin vitse spikeri, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, eləcə də Türkiyə səfirinin müşaviri Onur Sevim, gürcü və azərbaycanlı ictimai-siyasi və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan xalqı Qanlı Yanvarı yalnız hüzn və matəm günü kimi yox, həm də şərəf və qəhrəmanlıq günü kimi qeyd edir. O, Azərbaycan və Gürcüstan xalqlarının azadlıq mübarizəsində bənzər talelər yaşadığını vurğulayıb.

Vitse-spiker Arçil Talakvadze 20 Yanvar faciəsinin anım günü münasibətilə keçirilən tədbirdə 14 Aprel hadisələri zamanı həlak olanların xatirəsinin də yad edildiyi üçün təşəkkür edib
“Həm Azərbaycan, həm də Gürcüstan sovet dövrünün zalımlıqlarına məruz qalıb. Faktiki olaraq hər iki ölkə öz azadlıq mübarizəsində qalib gəlib və biz öz inkişaf yolumuzda indi uğurla addımlayırıq”, - deyə Talakvadze bildirib.

Türkiyə səfirinin müavini Onur Sevim isə qeyd edib ki, Türkiyə çətin günlərində Azərbaycanı yalnız qoymayıb və faciənin ertəsi günü Türkiyə dövrün sovet hökuməti və beynəlxalq ictimaiyyət səviyyəsində bir sıra təşəbbüslər göstərib.
“O tarixdən bu günə qədər torpaqlarını işğal zülmündən qurtarması üçün can Azərbaycana hər cür dəstək verməyi qardaşlıq hüququmuzun gərəyi olaraq bildik”, - deyə Sevim bildirib.

Tədbirin ikinci hissəsində Azərbaycanın əməkdar artisti Turan Manafzadə Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif musiqi nümunələrini pianoda ifa edib.

Anım mərasimində 20 Yanvar faciəsini əks etdirən müxtəlif fotolar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR