Toivo Klaar: Bakı ilə Qarabağ erməniləri arasında birbaşa müzakirələrin başlanması düzgün addımdır

Toivo Klaar: Bakı ilə Qarabağ erməniləri arasında birbaşa müzakirələrin başlanması düzgün addımdır
# 15 mart 2023 16:05 (UTC +04:00)

Bakı ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında birbaşa müzakirələrin başlanması düzgün istiqamətdə atılmış addımdır və bu, təqdirəlayiqdir.

Bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Onun sözlərinə görə, fikir müxtəlifliklərinin aradan qaldırılması üçün birbaşa ünsiyyətin alternativi ola bilməz və bu, bütün müvafiq maraqlı tərəflər arasında danışıqlar yolu ilə həyata keçirilməlidir.

“Bu cür dialoq qarşıdurmanı gücləndirmək əvəzinə inam və etimad yaratmağa yönəlməlidir. Biz bütün maraqlı tərəfləri neqativ ritorikadan çəkinməyə və hamının legitim narahatlığını aradan qaldıracaq kompromis həll yollarının axtarışına diqqət yetirməyə çağırırıq. 10 gün əvvəl baş vermiş ölümcül insidentdən sonra təmas xəttində və dövlət sərhədində atəşkəsin tez-tez pozulması ilə bağlı son xəbərlər narahatlıq doğurur. Aİ daha çox gərginliyin baş verməsinin qarşısını almaq üçün təmkinli olmağa güclü çağırış edir. Dialoq və münasibətlərin normallaşması istiqamətində işləyərkən zorakılıq və məcburiyyət seçim ola bilməz. Artıq bəyan edildiyi kimi, Aİ Laçın dəhlizi ilə hərəkət azadlığının və təhlükəsizliyinin tam bərpasına, Qarabağa qaz və elektrik enerjisi, eləcə də telekommunikasiya xidmətlərinin fasiləsiz davam etdirilməsinə çağırışını təkrarlayır”, - xüsusi nümayəndə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR