Türkiyə əhalisi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir - SORĞU

Türkiyə əhalisi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir - SORĞU
# 19 yanvar 2023 17:00 (UTC +04:00)

Türkiyədə siyasi, iqtisadi və sosial vəziyyətlə bağlı 2022-ci il üzrə “Türkiyənin Trendləri” adlı araşdırmanın nəticələri açıqlanıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, araşdırmaya əsasən, siyasi və iqtisadi vəziyyət, terrorla mübarizə, qanunsuz miqrasiya problemləri son illərdə əhalini narahat edən əsas məsələlər olub.

Sorğu əsasında əhalinin prezident seçkilərində hansı siyasi partiyaya səs verəcəyi də yer alıb. Belə ki, iştirakçılar 35,3%-i Cumhur İttifaqına daxil olan hakim Ədalət və İnkişaf Partiyasına (AKP), 8,9%-i isə Milliyyətçi Hərəkat Partiyasına (MHP) səs verəcəklərini bildirib.

Rəyi soruşulanların 24,5%-i müxalif partiyalardan Cümhuriyyət Xalq Partiyasına (CHP), 10,2% İYİ Partiyaya və 9,5%-i isə Xalqların Demokratiyası Partiyasına (HDP) səs verəcəklərini deyib.

İqtisadi məsələlərə gəldikdə, bu amil hazırda əhalini ən çox narahat edən məsələdir. Belə ki, insanlar inflyasiyanın yüksək olması, Türk Lirəsinin ucuzlaşmasından, evlərin satın alınması və kirayə qiymətlərinin kəskin şəkildə artmasından narazı olduqlarını qeyd edib.

“Siyasi baxışınız nədir?” sualına cavab olaraq iştirakçıların çoxu mühafizəkar olduqlarını bildirib. Digərləri “Kamalist” və “milliyətçi” cavabı verib.

Dost ölkələr siyahısında ilk üç yerdə Azərbaycan, Şimali Kipr Türk Respublikası və Özbəkistan qərarlaşıb. Türk xalqının təhdid anlayışında çox da dəyişiklik yoxdur. Birinci yerdə ABŞ, ikinci yerdə İsraildir. Üçüncü yeri Suriya tutub. Dördüncü yerdə isə Ermənistan gəlir. Xatırladaq ki, ötən il Ermənistan qeyri-dost ölkələr siyahısında ilk sırada olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR