Türkiyə səfirliyində Bakının azad edilməsinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Türkiyə səfirliyində Bakının azad edilməsinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO
# 15 sentyabr 2022 12:58 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni və bolşeviklərdən azad edilməsinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçilərimizi anıb, şəhidlərimizin yaxınlarına səbr diləyib.

"104 il bundan öncə Anadolunun hər bir cəbhəsində böyük zəfər qazanan təxminən 170 türk əsgəri Nuru Paşanın rəhbərliyi altında qardaşlarının köməyinə gəldilər. 1918-ci ildə Qafqaz cəbhəsində böyük qələbə qazanıldı və Bakının azadlığı təmin edildi. Azərbaycanın hər bir bölgəsində açan lalələr şəhidlərimizi təcəssüm etdirir. Hər zaman deyirik ki, şəhid olan hər bir əsgər yeni şəhadətlərə ilhamdır. Bunlardan ən dəyərlisi bəlkə həyatlarında heç vaxt görmədikləri torpaqlar uğruna şəhid olan əsgərlərimizdir. Onlar anasından, babasından, nənəsindən dinlədiyi Qarabağ üçün 44 günlük müharibə ilə böyük zəfər qazandı. Nəticədə 30 ilə yaxın düşmən işğalında qalan Qarabağ azad edildi. Ermənilərin Qarabağ üzrərindəki haqq iddiaları heç şübhəsiz ki, bitməyəcək. Amma Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi dəmir yumruq yerindədir. Torpaqların azadlığı uğrunda bu gün də şəhidlərimiz var. Bir daha hər birinə Allahdan rəhmət diləyirəm" - deyə səfir qeyd edib.

Daha sonra çıxış edən Milli Məclisin üzvü Anar İsgəndərov Bakının azadlığı uğrunda canından keçən türk şəhidlərinin olmasının xalqımız üçün böyük məna ifadə etdiyini və bizi bir-birimizə daha da yaxınlaşdırdığını bildirib:

"Şəhid vermiş olsaq da, bu gün qalib xalq, qalib dövlətik. Türkiyə Respublikası ilə elə münasibətlərimiz var ki, bunu heç kəs poza bilməz. Qafqaz İslam Ordusu bizim bütün tarix kitablarımızda var və biz o tarixlə fəxr edirik".

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə qeyd edib ki, 104 il əvvəl olduğu kimi bu gün də biz hər bir hadisədə Türkiyənin dəstəyini, qardaşlığını görürük.

"Bilirsiniz ki, Türkiyənin müxtəlif dövlətlərdə məzarlıqları var. Onlardan bir neçəsi Azərbaycandadır. Bu məzarlıqlar hər zaman yad edilir, xalqımız onlara minnətdarlıqlarını ifadə edirlər. Çünki bizim təhlükəsizliyimizi, azadlığımızı təmin etmək üçün şəhadətə yüksəliblər. Neçə-neçə Azərbaycan şairləri, ədibləri öz əsərlərində bu mövzuya toxunublar. Biz bu əsərləri araşdırmaq üçün böyük layihə başlatmışıq. Gələn il Bakının azad edilməsinin 105-ci il dönümündə həmin tədqiqatlar kitab şəklində təqdim olunacaq" - deyə o əlavə edib.

Tədbirdə digər rəsmilər də çıxış edib və onlar da bu şanlı tarix haqda fikirlərini bildiriblər.

Qeyd edək ki, Türkiyə səfirliyində Bakının işğaldan azad edilməsi ilə bağlı sərgi də təşkil olunub və qonaqlar sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR