Ukraynalı deputat Ermənistanın Qarabağda "humanitar böhran" fəryadını ifşa edib - VİDEO

Ukraynalı deputat Ermənistanın Qarabağda "humanitar böhran" fəryadını ifşa edib - VİDEO
# 26 yanvar 2023 13:47 (UTC +04:00)

Ukrayna televiziyası azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi dinc etiraz aksiyasına dair süjet hazırlayıb.

APA xəbər verir ki, Ukrayna Ali Radasının xalq deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenkonun fikirləri “Pryamoy Kanal” televiziya kanalının süjetində yer alıb.

Bildirilib ki, azərbaycanlı ekofəallar ötən ilin dekabr ayının 12-dən etibarən Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərinin ərazisindən keçən magistralda dinc aksiyaya başlayıblar. Xatırladılıb ki, insanlar Azərbaycana məxsus, lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər. Aksiya iştirakçıları nəqliyyat vasitələrinin hərəkətinə mane olmur və heç bir qanunsuz hərəkətə yol vermirlər, lakin Ermənistan tərəfi onları Qarabağda yaşayan ermənilər üçün aclıq və humanitar fəlakət yaratmaqda ittiham edirlər.

Həqiqətləri üzə çıxarmaq üçün sosial eksperiment həyata keçirilib. Belə ki, Qarabağın Xankəndi şəhərində restoranlardan yemək sifariş verilib. Restoranlar tərəfindən sifarişlərin çatdırılmasında hər hansı problemin olduğuna dair şikayət halına rast gəlinməyib.

Kreydenko humanitar fəlakətin olmadığını vurğulayıb: "Qarabağda həyata keçirilmiş və hazırda YouTube kanallarında yayılan sosial eksperimentdən də görə bilərik ki, fəallar yemək sifariş edir və onlar bu zaman heç bir problemlə üzləşmir ki, bu da orada humanitar fəlakətin olmadığını göstərir”.

Vurğulanıb ki, regionda iaşə müəssisələrinin fəaliyyətində məhdudiyyətlərin tətbiq edilməsi, buna guya ki, ərzaq çatışmazlığı və enerjiyə qənaətin səbəb olması ilə bağlı səsləndirilən iddialar da yalandır. Sosial eksperiment zamanı çəkilən videodan da görünür ki, Xankəndi şəhərində yerli iaşə müəssisələri hər zövqə uyğun geniş çeşiddə yeməklər təklif edir, vaxt və ziyarətçi sayına məhdudiyyət qoyulmadan fəaliyyət göstərirlər.

Siyasətçi həmçinin ölkəsindəki humanitar fəlakətdən danışıb: “Ukraynada çoxlu sayda ölənlər, humanitar fəlakət, dağılmış evlər, infrastruktur görürük və bütün bunlar da yalnız Rusiyanın müstəqil ölkənin ərazisinə daxil olması və nəzarətinin nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR