USAİD yardım adı altında ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğuldur - RƏY

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 31 mart 2023 19:01 (UTC +04:00)

“Demokratiya Sammiti” ABŞ-ın 5-ci kolonlarının illik yığıncağından başqa bir şey deyil. Vaşinqton, xüsusən Demokratların iqtidarı aydın formada göstərir ki, əslində, insan haqları və demokratiya Vaşinqton üçün üçüncü-dördüncü dərəcəli məsələdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu gün ABŞ-ı daha çox maraqlandıran məsələ yerlərdə müstəqil üsul idarələri, suveren sistemləri özünün əlaltısına çevirmək, öz nüfuzunu yaymaqdır və Bayden hakimiyyəti artıq bu niyyətini dolayısı ilə gizlətmir: “Təsadüfi deyil ki, "Demokratiya Sammiti" ərəfəsində ABŞ digər ölkələrdə yeni inqilablar və hakimiyyət dəyişikliyi strategiyasını açıqladı. Yəni Vaşinqton artıq çəkinmədən digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi və amerikayönlü hakimiyyətlərin qurulması məsələsini açıq formada yeni strategiyasına şəklində realizə etməyə başlayıb. Təbii ki, prosesdə də USAİD və sorosçuların nəzarətində olan digər qərb təsisatları, xüsusən insan haqları adı altında fəaliyyət göstərən təşkilatlar və media qurumları hərəkətverici qüvvə kimi çıxış edir. Sammitə dəvət olunanların siyahısına diqqət etsək, bir daha aydın olar ki, bəşəri dəyərlər Vaşinqton üçün nə qədər önəmlidir. Məsələn, 30 illik işğalçı, milyon yarım azərbaycanlının təməl hüquqlarının pozucusu, 350 minlik Qərbi azərbaycanlını öz ata-baba yurduna buraxmamaqla etnik təmizləmə siyasətini hələ də davam etdirən Ermənistan bu tədbirdə Baydenin qonağıdır. Çünki ABŞ üçün milyon yarım insanın taleyi, yaxud beynəlxalq hüququn prinsipləri yox, Sorosun idarə etdiyi Ermənistanın Vaşinqton meylliliyi önəmlidir və lazım olan məqamda Amerika Ermənistan üçün zorla demokrat imici yaratmağı bacarır. Ermənistanda müxalifət də, jurnalistlər də həbs oluna, bütün qeyri-ermənilər etnik təmizləməyə məruz qala, yekcins, monoetnik bir dövlət yaradıla bilər, amma başqa ölkədə tapdanan qarışqanın belə haqlarına "sahib" çıxan ABŞ Ermənistanın bu davranışlarını göz yummağa hazırdır. Təsəvvür edin, İrandan, yaxud Rusiyadan bir kibrit dənəsi aldığına görə iri şirkətlər Vaşinqtonun sanksiyasına məruz qaldığı halda, ərazisində Rusiyanın hərbi bazası olan, sərhədləri rus ordusu tərəfindən qorunan, eləcə də regionda İranın terrorçu rejiminin ən yaxın müttəfiqi olan Ermənistana göz yumulur, hətta Paşinyan demokratik tərəfdaş kimi Sammitə dəvət olunur. Təbii ki, bu cür qərəzli, ədalətsiz, qeyri-sağlam məntiqlə və qeyri-vicdani selektiv yanaşma bir daha göstərir ki, əslində, haqq da demokratiya da ABŞ-ın peykinə çevrilməyən dövlətlərə qarşı təzyiq vasitəsidir. Bu mənada "Demokratiya Sammiti" nə dəvət olunmamaq bir ölkə üçün özlüyündə həmin dövlətin Vaşinqtonun diş batıra bilmədiyi, müstəqil və suveren daxili və xarici siyasət kursunun mövcud olduğunun göstəricisidir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir: “Bu aspektdə bir məqama da diqqət çəkmək istəyirəm. ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər. Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənələrinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Təcrübə isə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə edib. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə ziddi fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Həmin dövrdə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Radikal müxalifətin zaman-zaman təsis etdiyi SİDSUH, Demblok, İctimai Palata, Milli Şura və digər bu kimi qurumlar məhz Qərbin dəstəyi sayəsində fəaliyyət göstərirdi. Lakin bu yolla hakimiyyətə qarşı müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu aktorlarını qəbul etmədi”.

Deputat nəzərə çatdırıb ki, xarici qüvvələr Azərbaycanda onların buyruğu ilə hərəkət edən QHT və siyasi partiyalara Gürcüstan üzərindən pul çatdırıblar: “Maliyyə vəsaitləri Gürcüstana göndərilir, oradan isə bəzi QHT nümayəndələrinin vasitəsilə Azərbaycana ötürülürdü. AXCP funksioneri Gözəl Bayramlı, jurnalist Əfqan Muxtarlı kimi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də məhz bu kimi neqativ hallara qarşı mübarizə çərçivəsində baş verib”.

B. Məhərrəmli qeyd edib ki, ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir: “Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. Təsadüfi deyil ki, bu təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur. USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var? Təşkilat Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti həqiqətən ehtiyac olan ölkələrə, məsələn, yardıma möhtac Ermənistana xərcləsə, daha məntiqli olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR