Vaşinqtonda 20 Yanvar faciəsi anılıb - FOTO

Vaşinqtonda 20 Yanvar faciəsi anılıb  - FOTO
# 21 yanvar 2022 15:16 (UTC +04:00)

Yanvarın 20-də ADA Universitetinin Vaşinqtonda yerləşən mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə ADA Universiteti və Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ABŞ-da təlim proqramına qatılmış müəllim heyəti, Səfirlik əməkdaşları, Azərbaycan icmasının üzvləri və ABŞ ictimaiyyətinin nümayəndələri iştirak edib.

Anım tədbirində 20 Yanvar faciəsinin qurbanları üçün şam yandırılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Qalib Məmməd 20 Yanvar 1990-cı il tarixinin yaddaşlarımızdan heç zaman silinməyəcəyini vurğulamış, həmin gün həyatlarını qurban verən həmvətənlərimizin müstəqil Azərbaycanın qurulmasında əvəzsiz rolu olmasından bəhs edib.

Səfir Xəzər İbrahim çıxış edərək 20 Yanvar tarixinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını, 20 Yanvar hadisələrinin qan yaddaşımız olmaqla yanaşı, Azərbaycan xalqı üçün qürur günü olduğunu diqqətə çatdırıb.

Səfir 1990-cı ilin 20 Yanvar faciəsi barəsində həmin dövrdə ABŞ-ın “The New York Times” və “The Washington Post” kimi nüfuzlu mətbu orqanlarında dərc olunmuş məqalələrin ABŞ Konqresinin kitabxanasından və arxivlərindən toplanaraq çap edilməsindən bəhs etmiş və onun yenidən nəşr olunmuş versiyasını təqdim edib.

Anım tədbirində ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri, 20 Yanvar hadisələri zamanı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli xidmətləri olan Həbib Azərsina və Abol Bahadori öz xatirələrini bölüşüblər.

Daha sonra ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində ABŞ-da səfərdə olan Azərbaycan müəllimləri 20 Yanvar hadisələrindən bəhs edərək, həmin günləri dərin hüznlə xatırladıqlarını, onu hər zaman yaddaşlarda yaşadacaqlarını bildiriblər.

Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR