Vətən müharibəsi şəhidlərinin xatirəsi Peruda anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Peruda anılıb
# 29 sentyabr 2022 08:24 (UTC +04:00)

27 Sentyabr- Anım Günü ilə bağlı Azərbaycanın Perudakı səfirliyində tədbir keçirilib.

APA xəbər verir ki, mərasimdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, Konqresin, And Parlamentinin, KİV nümayəndələri, XİN təmsilçiləri, Peruda yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbirdə ilk olaraq vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-dən etibarən Silahlı Qüvvələrimizin başlatdığı əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda əsgər və zabitlərimizin müstəsna şücaət nümayiş etdirməsi, habelə Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində 44 günlük müharibə zamanı 100-ə yaxın mülki soydaşımızın qətlə yetirilməsi haqda məlumat verilib.

Həmçinin, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri barədə məlumat verilərək, Azərbaycan tərəfindən regionda davamlı sülhə nail olmaq istiqamətində addımların atıldığı, lakin Ermənistan tərəfinin sülh prosesinə mane olmaq üçün mütəmadi olaraq müxtəlif təxribatlara əl atdığı bildirilib.

Mərasim zamanı qonaqlara Anım Günü münasibətilə video-çarx nümayiş olunub, kitabçalar paylanılıb, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR