Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter daşıyır”

Vüqar Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Vüqar Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 19 may 2022 12:20 (UTC +04:00)

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və pandemiya dövründə də Avropa İttifaqı əsas ticarət tərəfdaşı olaraq qaldı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu ilin ilk rübünün yekunları da göstərir ki, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqına üzv olan ölkələrin payına düşür: “Bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının n əsas ticarət tərəfdaşıdır. Eləcə də ölkələr arasında sərmayə qoyuluşlarının artırılması, xüsusilə də Avropa İttifaqından qeyri-neft sektoruna daha çox investisiyaların cəlb edilməsi də prioritet məsələdir. Azərbaycanda biznes mühiti ilə bağlı hazırlanan son hesabat və Avropa İttifaqını təmsil edən şirkətlər arasında keçirilən sorğu da göstərir ki, şirkətlərin böyük hissəsi – 80%-dən çoxu Azərbaycanda sərmayə qoyuluşunda maraqlıdır. Eyni zamanda təxminən hər iki şirkətdən biri işğaldan azad olunmuş ərazilərimizdə - Şərqi Zəngəzurda və Qarabağda işləmək istəyirlər. Bu isə ondan xəbər verir ki, Avropa İttifaqı Azərbaycan üçün yalnız ticarət tərəfdaşı deyil, eyni zamanda Avropa şirkətləri tərəfindən Azərbaycan sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrdən biridir. Bu da təbii ki, özünü Avropadan cəlb edilən investisiyanın həcmində göstərir. Əməkdaşlıq həm də Avropa İttifaqından daha çox sərmayənin cəlb edilməsinə gətirib çıxarır. Biz postpandemiya dövründə Avropadan Azərbaycana cəlb edilən sərmayələrin həcmində də artımların olacağını gözləyirik”.

Vüqar Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdəndir:

”Bütövlükdə Azərbaycanda həm mavi qaz hasilatında artımlar var. Ötən il 43,9 milyard kub metr mavi qaz Azərbaycanda hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kub metrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kub metrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR