Vüqar İskəndərov: “ABŞ Azərbaycanın suverenliyinə dəstəyini bir daha təsdiqləyib”

Vüqar İskəndərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

© APA | Vüqar İskəndərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

# 21 may 2022 13:43 (UTC +04:00)

“Azərbaycanın apardığı uğurlu, düşünülmüş siyasət beynəlxalq aləm tərəfindən təqdir olunur və alqışlanır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində sərgilədiyi mövqe Azərbaycanı etibarlı tərəfdaşa çevirib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu, Qərbin ayrı-ayrı ölkələrinin rəhbərlərinin Azərbaycana, dövlət başçısı İlham Əliyevə yanaşmasında da hiss edilir:

“Elə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu da deyilənləri bir daha təsdiqləyir. Sözügedən məktubda ABŞ Prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyər ölkəmizin doğru və düşünülmüş siyasət yürütdüyünün əyani təsdiqidir. Ümumiyyətlə bu məktubun hər bir sətri Azərbaycanın uğurlu siyasətinin təqdiri kimi dəyərləndirilə bilər. Məktubda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasına verilən mühüm əhəmiyyət, Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyin, humanitar yardımının yüksək qiymətləndirilməsi, ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi sıradan bir məsələ deyil. Eyni zamanda məktubda hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, bunun ABŞ ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməsi də nəzərdən qaçmamalıdır. Hesab edirəm ki, həm yuxarıda sadalananlar, həm də məktubda öz əksini tapan “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır” ifadəsi, Azərbaycanın postmüharibə dövründə atdığı addımların rəsmi Vaşinqton tərəfindən dəstəklənməsidir”.

Vüqar İskəndərov deyib ki, ümumilikdə bu məktub hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla, ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi kimi qiymətləndirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR