Vüqar İskəndərov: “Praqa görüşü Ermənistanın növbəti məğlubiyyətidir”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 07 oktyabr 2022 14:50 (UTC +04:00)

“44 Günlük Vətən müharibəsində qalib gələn Azərbaycan öz qalibiyyətini diplomatik cəbhədə də davam etdirir. Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün nəticəsində yayılan bəyanat da bunu bir daha təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü beynəlxalq aləmin diqqət mərkəzində idi: “Çünki son vaxtlar Ermənistanın təxribatları ucbatından Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Bu isə regionda sülh və inkişaf üçün təhlükə yaradırdı. Lakin göründüyü kimi Praqa görüşü bu narahatlıqlara son qoydu. Azərbaycanın qətiyyəti öz sözünü Praqada da dedi. Nəticədə də Yelisey sarayının rəsmi saytında dərc olunan bəyanatda da qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bu, Ermənistanın növbəti dəfə məğlubiyyəti kimi dəyərləndirilməlidir. Çünki 44 günlük müharibədə darmadağın olan Ermənistan son vaxtlar yenidən revanşist iddialarla çıxış edir, hərbi təxribatlara əl atırdı. Lakin Azərbaycan Ordusunun növbəti zərbəsini alan Ermənistan nəhayət, başqa yolun olmadığını dərk etdi”.

Vüqar İskəndərovun sözlərinə görə, Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı: “Lakin Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Bundan başqa, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı”.

Deputat qeyd edib ki, Praqa görüşü Prezident İlham Əliyevin timsalında Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürütdüyünü bir daha nümayiş etdirməklə yanaşı Ermənistanın suveren dövlət olmadığını növbəti dəfə təsdiqlədi: “Məlum olduğu kimi Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Ermənistana gəlincə, bu dövlət sözügedən sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha ortaya qoydu. Hesab edirəm ki, Ermənistanın bu davranışı eyni zamanda Rusiyaya qarşı növbəti addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR