X Qlobal Bakı Forumuna qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu müzakirə olunub

X Qlobal Bakı Forumuna qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu müzakirə olunub
# 10 mart 2023 18:17 (UTC +04:00)

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Serbiyanın sabiq Prezidenti Boris Tadiç (2004-2012-ci illər) olub.

Boris Tadiç Çinin inkişafının milyonlarla insanın yoxsulluq təhlükəsindən xilas edilməsini şərtləndirdiyini söyləyib.

Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo deyib ki, son 3 ildə dünyada böyük dəyişikliklər baş verib: “Avropada yenidən dağıdıcı müharibə ortaya çıxdı. Pandemiya və iqlim dəyişikliyi də bəşəriyyətə böyük ziyan vurub. Cəmiyyətlər qarşısında böyük çətinliklər durmaqdadır. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan danışmaq mümkün deyil. Ümumi inkişaf Çinin xarici siyasətində mühüm yer tutur. BMT-nin İnkişaf Məqsədləri müəyyənləşib. Çinin inkişafının dünyaya çox böyük təsiri olub, milyonlarla insanı yoxsulluqdan çıxarıb ”.

Təmiz enerjidən söz açan Vu Honqbo qeyd edib ki, artıq Çinin yollarında elektrik mühərrikli avtomobilləri var: “Çinin müasirləşməsi Avropadan tamamilə fərqlidir. Birincisi, Çində çox böyük əhali var. İnkişaf etmiş ölkələrdə ümumilikdə təxminən 1 milyard əhali var. Ancaq Çində 1,4 milyard insan yaşayır. Təsəvvür edin ki, 1,4 milyard insanın yaşadığı cəmiyyəti müasirləşdirməyə nail olmusunuz. Çin heç vaxt müharibə istəmir, sülh istəyir. Çinin inkişafı sülh şəraitindədir. Əsas çətinliyimiz inkişafı daha yaxşı necə təmin etməklə bağlıdır. Çinin inkişafı dünya üçün bir imkandır, təhdid deyil. Təhlükəsizliklə inkişafa birgə baxmaq lazımdır”.

Vu Honqbo Ukraynada baş verənlərə diqqət çəkib və qlobal təhlükəsizliyin qorunmasını vacib sayıb: “Çin Sədri əməkdaşlıq və dayanıqlı inkişafa, suverenliyə, ərazi bütövlüyünə, ixtilafların sülh ilə həllinə, ənənəvi və qeyri-ənənəvi mərkəzlər arasında münasibətlərin harmoniyasını təmin etməyə sadiq qaldığımızı bəyan etdi. Bu da Çinin qlobal təhlükəsizliyə yanaşmasını ortaya qoyur. Tayvan məsələsinə gəlincə, sülhün əldə edilməsi üçün danışıqların aparılmasını vacib sayırıq. Ukrayna ilə bağlı Çinin təşəbbüsünə baxsanız, görərsiniz ki, kim sülhün, kim müharibənin davam etməsinin tərəfdarıdır. Digər tərəfdən, Ukrayna və Tayvan məsələsi müqayisə edilə bilməz. Tayvan Çinin daxili məsələsidir. Ukrayna müharibəsi isə iki suveren ölkə arasında baş verir. Bir çox ölkələr vahid Çin prinsipini pozur. Bu, tipik ikili standartdır. Çin suverenliyini, ərazi bütövlüyünü qoruyacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edir və hamınızı Çinə dəvət edirəm”.

Kamboca Milli Assambleyasının sədr müavini Khuon Soudary Çinin ölkələrin ərazi bütövlüyünün tərəfdarı olduğunu söyləyib: “Bu gün Çin dünyanın ikinci böyük iqtisadi gücüdü. Çin yoxsulluğun azalması, iqlim dəyişikliyi kimi mübarizədə aktiv iştirak edir. Çin çoxtərəfliyi təmin etməyə çalışır. Bu da dünyada sülhə öz töhfəsini verməkdədir. Çin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini ortaya qoyub”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi (2002-2004-cü illər) Çinin dünyada ən güclü ilk iki qüvvədən birinə çevrildiyini söyləyib: “Bu il Çin iqtisadiyyatı 5-6 faiz arasında olacaq. Çinin rifahı dünya üçün mühüm əhəmiyyət kəsb edir. Çinin inkişafı dünya üçün təhdiddirmi? Mən buna inanmıram. Çinin inkişaf yoxsulluğun azaldılmasına yönəlib. Hazırda da Çində yoxsulluq mövcuddur, hələ görüləcək işlər var. Çin bir dünya gücü olaraq müdafiəsi məsələsinə baxmalıdır. Çin sülh vasitəsi ilə Tayvan məsələsinin həllinə çalışır. Tayvan Honkonq kimi deyil, münasibətlər fərqlidir. Çinə Tayvan məsələsini həll etmək üçün zaman lazımdır. Bəziləri Tayvana gedir, təxribatlara əl atır, deyirlər ki, Tayvan Çindən ayrıdır. Ancaq Çinin inkişafı digər ölkələrin inkişafı üçün təkan ola bilər. Çin 30 il əvvəl rəqabəti sevmirdi, indi vəziyyət dəyişib. Çinin öz idarəetmə sistemi var, bununla qürur duyur. Başqa ölkələrə də bu rejimi qəbul etmək üçün təzyiq göstərmir. Çinə çox vacib bir tərəfdaş kimi baxmaq lazımdır”.

Pakistanın sabiq Baş naziri Şövkət Əziz (2004-2007-ci illər) dünyanın müxtəlif çətinliklərlə üzləşdiyini söyləyib: “Baş nazir olduğum dövrdə Çinlə təmaslarım olub. Çin Pakistanda bir sıra layihələr həyata keçirib, nəticədə ölkəmizdə infrastruktur inkişaf edib. Pakistanda İpək Yolu layihəsinin həyata keçirildiyi ərazilər tamamilə fərqli görünür. Biz Pakistan olaraq Çinin İpək Yolu ilə bağlı layihəsindən faydalar görürük. Biz xalqlar arasında etimad, harmoniya yaratmalıyıq. Bizim keçmişdə Çinlə problemimiz olmayıb. Çin Pakistanın yanındadır, inkişafımızı dəstəkləyir. Çin Pakistan üçün böyük işlər görüb və Pakistan da buna müvafiq addımlar atıb. Çin Pakistana böyük həcmlərdə kreditlər verib. Çin Pakistanın dostudur və hər zaman öhdəliklərini yerinə yetirir”.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi (2016-2018-ci illər), Tacikistanın sabiq xarici işlər naziri Raşid Alimov (1992-1994-cü illər) Çinin dünyada iqtisadi inkişafın lokomotivi olduğunu və dünyada sülh quruculuğunda mühüm rol oynadığını vurğulayıb: “Çin və Mərkəzi Asiya ölkələri inkişaf mərhələsindədirlər. İqtisadi inkişaf və yeni texnologiyalar baxımından Çin Mərkəzi Asiya ölkələrinin inkişafına böyük töhfələr verir. Çin Mərkəzi Asiya üçün sərmayə mənbəyinə çevrilib, Çinin Mərkəzi Asiya ölkələrinə sərmayəsi 4 milyard dollara çatıb. Kənd təsərrüfatı, suyun idarə və rəqəmsal yaşıl iqtisadiyyat sahəsində Çinin dəstəyi Mərkəzi Asiya üçün böyük önəm daşıyır. Çinin 10 mindən çox şirkəti 5 Mərkəzi Asiya ölkəsində çalışır. Çinin Mərkəzi Asiya ölkələrində fəaliyyəti bu ölkələrin gələcəkdə ticarətdən faydalanmasına yol açır. Həyata keçirilən infrastruktur layihələri bunu təmin edəcək. Vacib istiqamətlərdən biri də təhlükəsizliklə bağlıdır. Təhlükəsizlik regiona böyük töhfə verəcək”.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç Çinin nadir metalların istehsalında mühüm yer tutduğunu söyləyib: “Çin dünyada mühüm gücdür”.

Rumıniyanın sabiq Baş naziri Petre Roman (1989-1991-ci illər) Çinin Şərqi Avropaya sərmayə qoyduğunu və Rumıniyanın da Şərqi Avropada yerləşdiyini söyləyib: “Həqiqətən də Çin bir möcüzədir. Əvvəllər 40 ildən də az müddətdə belə sıçrayışla inkişaf edən ölkə olmayıb. Çin elmi, texnoloji baxımından böyük çevriliş edərək artıq dünyanın ikinci iqtisadi gücünə çevrilib. Digər tərəfdən, bir neçə il əvvəl Donald Trampın ABŞ-ı yenidən möhtəşəm etməyin vacib olduğun bəyan edərək Çini təhlükə kimi göstərmişdi”.

Petre Roman ABŞ-la Çin arasında Soyuq müharibə təhlükəsindən danışıldığını söyləyib: “Hətta hazırkı ABŞ Prezidenti Co Bayden 2022-ci ilin noyabrında Çin sədri ilə görüşdə yeni Soyuq müharibə təhlükəsinin olduğunun söylədiyini bildirib. Biz çoxqütblü dünyada yaşayırıq. Bir çox ölkələr Ukraynaya dəstək verir. Amma ictimai fikrin təhlili göstərir ki, insanlar daha çox maliyyə böhranından, inflyasiyadan narahatdırlar. Yeri gəlmişkən, Rusiya Prezidenti və Çin sədri görüşlərində bəyan etdilər ki, Çin və Rusiya yaxın tərəfdaşdırlar. Çin Rusiya ilə münasibətlərdə balans yaratmaq istəyir. Eyni zamanda Pekin Çin şirkətlərinə qarşı maliyyə sanksiyalarının tətbiq olunmasını istəmir. Çin Ukrayna ilə bağlı təşəbbüsündə atəşin kəsilməsini təklif etdi və Ukrayna Prezidenti də buna mənfi yanaşmadı. Çin həm də bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu bəyan etdi. Bu, vacib bir mövqedir. Qərbin Ukraynaya dəstək verməsi, Çinin Ukraynada müharibəni dəstəkləmədiyi barədə Qərb mətbuatında yazılar da çıxır. Yeri gəlmişkən, ABŞ Ukraynaya Ümumi Daxili Məhsulunun 0,21 faizi həcmində dəstək verib. Bu, ABŞ-ın bir zaman Əfqanıstan göstərdiyi dəstəklə müqayisə edilsə, 3 dəfə azdır. Çin beynəlxalq arenada həmişə öhdəlik götürüb”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR