X Qlobal Bakı Forumunda Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu müzakirə olunub

X Qlobal Bakı Forumunda Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu müzakirə olunub
# 10 mart 2023 16:23 (UTC +04:00)

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili (2010-2012-ci illər) olub.

Energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycanın məqsədi tək özünün təmin edilməsi deyil, Azərbaycan regionun, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti aparır: “Azərbaycan Xəzər-Avropa “yaşıl enerji” dəhlizini qurmağı planlaşdırır”.

"Fortescue Metals" və Fortescue Future Industries" şirkətlərinin direktorlar şurası və Quldarlığın Müasir Formalarının Aradan Qaldırılması üzrə Qlobal Fondun Şura sədri, "ExxonMobil" şirkətinin keçmiş vitse-prezidenti Cin Baderşnayder Azərbaycanın kiçik olsa da, böyük enerji siyasət apardığını söyləyib.

Bolqarıstanın sabiq xarici işlər naziri Yekaterina Zahariyeva (2017- 2021-ci illər) bir çox Qərbi Avropa ölkələri Rusiyanın ucuz enerjisinin əbədi olaraq Avropaya tədarük olunacağına inanıb: “Qərbli dostlarımız başa düşməli idi ki, bu, belə davam edə bilməz. Ancaq Bolqarıstan 2005-ci ildə Azərbaycanla strateji tərəfdaşlıq barədə sənəd imzaladı. İndi Bolqarıstana qaz TAP kəməri ilə Azərbaycandan gəlir. Azərbaycan tək Bolqarıstan deyil, bütün Avropa üçün etibarlı tərəfdaşdır”.

Rumıniyanın sabiq Baş nazirinin müavini (2018-2019-cu illər), Rumıniya Parlamentinin üzvü Ana Birçall 2018-2019-cu illərdə Rusiyanın enerjini silah kimi istifadə edə biləcəyini söylədiyini xatırladıb: “Ancaq bir sıra qərbli dostlarımız bizimlə razılaşmırdılar. Ancaq bizim dediyimiz təsdiqini tapdı. Biz iki nüvə reaktoru tikdik, yenə tikirik. Digər tərəfdən, Rumıniya da Azərbaycanla strateji tərəfdaşlıq qurub. Bu qış Azərbaycan qazı bizi xilas etdi. Tək Rumıniya yox, Avropa üçün Azərbaycan qazı böyük rol oynadı”.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan ərazisindən keçən tranzit yüklərin artdığını və artmağa davam edəcəyini söyləyib: “Azərbaycan üzərindən tranzit yüklər 10 il ərzində 2 dəfə arta bilər. Artan tələbat düzgün şəkildə qarşılanacaq”.

Rəşad Nəbiyev azad edilmiş ərazilərdə görülən işlərdən danışıb, yeni nəqliyyat dəhlizlərinin Avropa üçün faydalı olacağını vurğulayıb.

Tacikistan Respublikasının nəqliyyat naziri Azim İbrohim deyib ki, beynəlxalq münasibətlər keçid dövrünü yaşayır: “Siyasi və iqtisadi dəyişikliklər beynəlxalq münasibətlər sisteminə təsir edir. Tacikistan geostrateji mövqeyinə görə müasir dünyanın diqqət mərkəzindədir. Tacikistan müstəqillik qazandıqdan bəri açıq qapı siyasəti yürüdüb, qlobal təhdidləri, regional faktları hər zaman xarici siyasətində nəzərə alıb, eyni zamanda çoxtərəflilik prinsipləri dəstəkləyib”.

O, çıxışında nəqliyyat sisteminin inkişafı, dəhlizlərin önəmi barədə də qeyd edib: “Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyə koridoru "İpək yolu"na töhfə verir və Çini Qərblə birləşdirir.

Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev (2014-2015-ci illər) Avrasiya dəmir yolları inqilabı baş verir: “2011-ci ildən Çindən Almaniyaya doğru ilk qatar hərəkət etmişdi. 2022-ci ildə Çindən tam yüklü qatarlar Avropaya gedib və qayıdıb. Hər saat bir qatar bu yolu getməkdədir. Müharibəyə baxmayaraq, bu trafikin 90 faizi Rusiya və Belarus üzərindən həyata keçirilir”.

Coomart Otorbayev Orta Dəhliz vasitəsi ilə daşınmaların 2021-ci ildə 50 faiz, 2022-ci ildə 45 faiz artım olduğunu nəzərə çatdırıb: “Keçən il Orta Dəhlizdən 500 qatar keçib. Bu, az olsa da, bu yüklər daha da artacaq. Türkiyədə Marmaray da Orta Dəhlizindən istifadə imkanlarını artırır. Orta Dəhliz daşınmalarda gələcəkdə böyük rol oynayacaq. Bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan Qırğızıstan üzərindən 800 km bir yol çəkməsi barədə razılığa gəldi. Orta Dəhlizdən hər kəs faydalanacaq”.

ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi (2007-2009-cu illər) Bolat Nurqaliyev qeyd edib ki, Qazaxıstan çoxtərəfli siyasət həyata keçirir, infrastrukturunu inkişaf etdirir: “Qazaxıstan qlobal enerji bazarında neft ixracatçısı kimi rolu böyükdür. Dənizlərə çıxışı olmayan ölkə olan Qazaxıstan konstruktiv əlaqələr və əməkdaşlıqda maraqlıdır bu həm qonşu ölkələrə həm də digər ölkələrə aiddir. Digər postsovet ölkələri kimi Qazaxıstan multivektorial xarici siyasəti dəstəkləyir”.

O, Qazaxıstanın "Nurli Jol" konsepti barədə məlumat verib: “Bu layihənin məqsədi Qazaxıstanın daxili və xarici nəqliyyat imkanlarını genişləndirmək və təkmilləşdirməkdir. May ayında Mərkəzi Asiya və Aİ arasında iqtisadi əlaqələrlə bağlı konfrans keçiriləcək”.

O həmçinin TransXəzər xətti barədə danışaraq deyib ki, Baltik ölkələri və Özbəkistan bu layihəyə qoşulmaq istəkləri barədə siqnallar verir:

"Məqsədimiz Avrasiyanın habı olmaqdır. Aktauda logistik terminal qurmaq barədə düşünürük. Prezident Tokayev ötən il Azərbaycana səfərində logistika və əlaqələnmə sahəsində qardaş Azərbaycanla işləməyə sadiqliyini ifadə edib".

Rumıniyanın sabiq xarici işlər naziri (2008, 2015-2017-ci illər), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) Baş katibi Lazar Komanesku Azərbaycandan Avropaya yaşıl dəhlizlə bağlı təşəbbüsdən danışıb: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi biz bu sahədə üzərimizə düşəni edəcəyik”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR