Xarici işlər nazirinin müavini ASEAN-ın Baş katibi ilə görüşüb

Xarici işlər nazirinin müavini ASEAN-ın Baş katibi ilə görüşüb
# 09 dekabr 2022 21:40 (UTC +04:00)

Cari ilin 7 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İndoneziya Respublikasına səfəri çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mənzil qərargahında ASEAN-ın Baş katibi Dato Lim Lock Hoi ilə görüşüb.

XİN-dən APA-ya bildirilib ki, görüş zamanı Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi diqqət ayırdığı qeyd olunub. İndoneziyanın 2023-cü ildə ASEAN-a sədrlik edəcəyi xatırlanaraq, Azərbaycanın ASEAN ilə əməkdaşlığın genişləndirilməsində, bu istiqamətdə əməli addımlar atılmasında maraq ifadə olunub. Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında (AIPA) müşahidəçi qismində qəbul olunması ilə bağlı Dato Lim Lock Hoiyə təşəkkür edilib.

Daha sonra, AIPA-nın Baş katibi xanım Hon Nguyen Tuong Van ilə görüş keçirilib. Görüş zamanı E.Məmmədov 2022-ci ilin 23 noyabr tarixində ASEAN Parlamentlərarası Assambleyasının Kambocada keçirilən 43-cü Baş Assambleyasında Azərbaycan Milli Məclisinin müşahidəçi qismində qəbul olunmasına görə məmnunluğunu diqqətə çatdırıb. Azərbaycan Milli Məclisi ilə AIPA arasında bundan sonra münasibətlərin daha dinamik inkişaf etdiriləcəyinə inamını ifadə edib.

Səfər çərçivəsində Elnur Məmmədovun Qoşulmama Hərəkatı Cənub-Cənub Texniki Əməkdaşlıq Mərkəzinin direktoru, səfir Diar Nurbintoro ilə görüşü baş tutub. Görüş zamanı, Azərbaycanın Hərəkata sədrliyi çərçivəsində məhsuldar fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra, Diar Nurbintoronun moderatorluğu və İndoneziya XİN nümayəndələrinin, aparıcı beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, yerli medianın iştirakı ilə “Azərbaycan-İndoneziya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi” mövzusunda dəyirmi masa keçirilib. Müzakirələr zamanı, E. Məmmədov 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində Azərbaycanla İndoneziya arasında istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda müxtəlif sahələr üzrə yaranmış əməkdaşlıq gündəliyi haqqında geniş məlumat verib, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcudluğuna diqqət çəkib. Habelə, Azərbaycanın NAM-a sədrliyi çərçivəsində məhsuldar fəaliyyəti haqqında ətraflı bəhs edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Səfər çərçivəsində nazir müavini E.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada Bali Demokratiya Forumunun “Dəyişən dünyadan demokratiya: Liderlik və Həmrəylik” mövzusunda 15-ci sessiyasında və “Əfqanıstanda qadınların təhsili” adlı Beynəlxalq Konfransda iştirak edib və nazir müavini hər iki tədbirdə çıxış edib. Tədbirlər əsnasında E.Məmmədov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirib.

İndoneziyaya səfəri zamanı E.Məmmədov “CNN İndonesia”nın “One to One” proqramına və “İndoneziya Səsi” dövlət radiosuna müsahibə verib. Müsahibə zamanı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 ilik dövründə ölkələr arasında əldə olunan nailiyyətlərlə yanaşı, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivlərə, habelə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətinə diqqət ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR