XİN başçısı: Bu il əldə olunmuş irəliləyişlər azdır, səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir

XİN başçısı: Bu il əldə olunmuş irəliləyişlər azdır, səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir
# 27 dekabr 2022 15:46 (UTC +04:00)

Post-münaqişə dövründə Azərbaycanın sülh gündəliyinə uyğun olaraq, bu ilin fevral ayında sülhlə bağlı 5 baza prinsipi Ermənistana təqdim olunub.

APA xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə 3 görüş keçirilib, avqustda sülh danışıqlarına başlanılması barədə xarici işlər nazirlərinə tapşırıq verilib: “Praqa və Soçi görüşlərində qəbul edilən danışıqlarda BMT Nizamnaməsinə uyğun olaraq ölkələrin ərazi bütövlüyünə əsasında sülh danışıqlarının aparılması əksini tapıb. 23 dekabrda üçüncü raund danışıqlarının Moskvada keçirilməsi nəzərdə tutulsa da, Ermənistan bu danışıqları pozub”.

Xarici işlər naziri qeyd edib ki, bu il Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib: “Delimitasiya ilə bağlı da 3 görüş keçirilib. Bütün bunlara baxmayaraq, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”.

Ceyhun Bayramov nəzərə çatdırıb ki, bu il Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.

XİN başçısı Ermənistanın üçtərəfli bəyanatın bir sıra öhdəliklərini pozduğunu xatırladıb: “Üçtərəfli bəyanatda yer alan bir sıra öhdəliklərin hələ də Ermənistan tərəfindən yerinə yetirilməməsi, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.

Nazir deyib ki, 35-i mülki şəxs olmaqla, 46 vətəndaşımız bu il mina terrorundan həyatını itirib.

Ceyhun Bayramov Ermənistanla danışıqlar üzrə üç istiqamətdə iş getdiyini vurğulayıb.

“Ermənistanla danışıqlar üzrə üç istiqamətdə iş gedir: sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya prosesi. Bu istiqamətlərlə bağlı ayrı-ayrı qruplar işləyir. Əsas məqam odur ki, qarşı tərəf bu danışıqlara ciddi yanaşsın, daxili auditoriya hesablanmış mesaj verməsin”.

O, real addımların atılması istiqamətində Ermənistandan fərqli mənzərə gördüklərini deyib.

Nazir Azərbaycan tərəfinə Ermənistanla sülh danışıqlarında nəticə əldə etməyin önəmli olduğunu xatırladıb.

"Bizim üçün hər hansı platformaya köklənmək əsas prioritet deyil. Azərbaycan hökuməti istənilən platformalarda danışıqlara açıq olduğunu bəyan edib. Biz bu danışıqlarda yalnız qərəzli olmadığını nümayiş etdirən tərəflərin iştirakına imkan verəcəyik. Çünki bəzi tərəflər normallaşmada maraqlı deyillər. Bu iştirakçılar və belə platformalar bizim üçün qəbul edilməzdir”.

Ceyhun Bayramov istənilən platformalarda gələcək görüşlərin keçirilməsini istisna etmədiklərini xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR