XİN: Pakistanla əlaqələr gələcəkdə daha da inkişaf edəcək

XİN: Pakistanla əlaqələr gələcəkdə daha da inkişaf edəcək
# 09 iyun 2022 18:17 (UTC +04:00)

Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistanın Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və digər sahələrdə inkişaf edən əlaqələrin mövcudluğunu qeyd edən nazir müavini, ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri məmnunluqla vurğulayıb. Həm keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini nazir müavini minnətdarlıqla vurğulayıb. İki dost və qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair inam ifadə edilib.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan və Pakistan arasında münasibətlərin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib. Səfir Pakistanın hər zaman Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına tam dəstək göstərdiyini bildirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən səfir Bilal Haye, bundan sonra da Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etməsinə dair inamını bildirib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR