XİN rəhbəri: “Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı inkişaf edir”

XİN rəhbəri: “Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı inkişaf edir”
# 26 may 2022 15:28 (UTC +04:00)

“Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ənənəvi şəkildə tədricən artan xətlə inkişaf edir, miqyası daha da genişlənir və yeni müstəviləri əhatə edir. Afrika ölkələri ilə təmaslarımızın səviyyəsi və intensivliyi artır. Mövcud əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi istiqamətində sistemli iş aparılır”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Afrika Gününə həsr olunmuş “Qoşulmama Hərəkatının təkamülündə Afrika qitəsinin irsi” mövzusunda konfransda deyib.

O qeyd edib ki, 2011-ci ildə Azərbaycan Respublikası Afrika İttifaqı yanında müşahidəçi statusu alıb. 2014-cü ildə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi Nümayəndəsi təyin edilib:

“Mən, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Afrika ilə münasibətlərimizin yeni təkan aldığını müşahidə etməkdən məmnunam.

Qoşulmama Hərəkatının üzvlərinin təxminən 45 faizini təşkil edən Afrika ölkələri yarandığı gündən bu Hərəkatın bayraqdarları olub. Onlar Hərəkatın dəyərlərinin və təməl prinsiplərinin təbliği ilə fəal məşğul olublar. Öz növbəsində Qoşulmama Hərəkatı, Afrika dövlətlərinin müstəmləkəçilikdən azad olunma prosesini dəstəkləməkdə mühüm rol oynayıb.

Qoşulmama Hərəkatının beş təsisçi şəxsindən ikisi, misirli Camal Abdel Nasser və qanalı Kvame Nkrumah Afrikadan idi. Bir dövlət istisna olmaqla, bütün Afrika dövlətləri hazırda Qoşulmama Hərəkatının üzvüdür. Bu, Hərəkat daxilində ən geniş kontinental nümayəndəlikdir”.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə görüşləri və nazirlər görüşlərinin nəticəsində qəbul edilən sənədlərinin ən böyük hissələri Afrika qitəsindəki problemlərə həsr edilib: “Bu günə qədər Qoşulmama Hərəkatının Sammitlərinin, eləcə də Hərəkatın digər toplantılarının demək olar ki, yarısı Afrika dövlətləri tərəfindən keçirilib.

Bütün bu faktlar həm Afrika dövlətlərinin Qoşulmama Hərəkatına verdikləri böyük əhəmiyyətin, həm də Afrika qitəsinin Hərəkatın təkamülündə oynadığı mühüm rolun göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR