XİN rəhbərinin müavini: “Gürcüstanın Cənubi Qafqazda normallaşma prosesində rolu vacibdir”

Elnur Məmmədov

© APA | Elnur Məmmədov

# 17 iyun 2022 13:22 (UTC +04:00)

Azərbaycan-Ermənistan-Aİ, Azərbaycan-Ermənistan-Rusiya, Azərbaycan-Ermənistan-Gürcüstan - bu üçtərəfli formatlar bir-birinə əlavə dəyər qatır. Vasitəçilik olmasa idi, iki ölkə arasında sərhədlərin delimitasiyası üçün komissiya formalaşmayacaqdı.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.

“Regionumuzdakı ölkələr bir-birinə qarşı olmamalıdır, əməkdaşlıq etməlidir. Gürcüstan hökuməti Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev də bunu bildirdi.

Gürcüstanın bu prosesdə rolu vacibdir, bu vasitəçilik platformasının unikal rolu var.

Cənubi Qafqaz bölgəsində gələcək vəziyyətin normallaşmasında Gürcüstan da oyunçu kimi görünür”, - XİN rəhbərinin müavini vurğulayıb.

O diqqətə çatdırıb ki, Cənubi Qafqaz regionu mərkəzdədir, region ölkələrindən dəhlizlər keçir: “Azərbaycan 2013-cü ildən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir. Bu layihə Cənubi Qafqaza faydalar gətirəcək”.

Elnur Məmmədov xatırladıb ki, Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işləri başlayıb, Beynəlxalq Hava Limanları tikilib, avtomobil yolları çəkilib, “yaşıl enerji” zonaları yaradılır. O əlavə edib ki, bu regionun böyük günəş və külək enerjisi potensialı var:

“Qeyd etdiyim kimi, regionumuzda böyük layihələr həyata keçirilib, ancaq Ermənistan illər ərzində bütün bu proseslərdən təcrid olub, Gürcüstan isə fəal iştirak edib. Çünki bunun səbəbi işğal olub, artıq bu fakt aradan qalxıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR