Zaxarova: Ermənistan Azərbaycanla sülh danışıqlarına mane olur

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 12 yanvar 2023 11:03 (UTC +04:00)

Eyni məsələ ilə bağlı fərqli bəyanatlar verməsi səbəbindən rəsmi İrəvanın mövqeyini qiymətləndirmək çətindir.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqləndiyinə görə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. Sözügedən mətbuat konfransı zamanı Ermənistanın Baş naziri həm Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda, Qərbin təşviq etdiyi həll yollarına üstünlük verilməsindən danışıb”, - Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın bu il yanvarın 10-da mətbuat konfransı zamanı rəsmi İrəvanın Azərbaycan-Ermənistan münasibətlərinin Rusiyanın təklifləri əsasında normallaşması ilə bağlı sənəd imzalamağa hazır olması barədə dediklərini şərh edib.

Onun sözlərinə görə, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışlarında Qarabağ məsələsi ilə bağlı həm ikitərəfli formatda, həm də beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən 2020-ci il 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatın şərtlərinin həyata keçirilməsi ilə əlaqədar Rusiyanın səylərinin xronikasını ətraflı təsvir edib: “Praqada 2022-ci ilin oktyabrında keçirilmiş sammitin yekunlarına dair bəyanatda öz əksini tapıb ki, Azərbaycanla sülh müqaviləsi hazırlamaq üçün rəsmi İrəvanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması danışıqlar prosesinin gedişini kökündən dəyişib. Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etmişdi. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin tənzimlənməsində bu məqamı nəzərə almamaq olmaz. Ermənistan və Azərbaycan XİN rəhbərlərinin sülh müqaviləsini müzakirə etmək üçün növbəti görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. Azərbaycan və Ermənistan liderləri buna razılıq vermişdilər. Görüş üçün hər şey hazırlanmışdı, lakin Ermənistan rəhbərliyi son anda ölkənin xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv etdi. Bu isə təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu. Əgər erməni həmkarlarımız həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə və hərtərəfli qaydada həyata keçirilməsi istiqamətində müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, birgə işi davam etdirmək lazımdır. Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR