Ziyafət Əsgərov: “Azərbaycan-Türkiyə müttəfiqliyi dünya üçün bir nümunədir”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 17 may 2022 14:29 (UTC +04:00)

“Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri, son zamanların ən nəhəng nəqliyyat-kommunikasiya layihələrindən biri olan Rize-Artvin hava limanının açılış mərasimində iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı ölkələrimiz arasında olan qardaşlıq və dostluq münasibətlərinin daha bir parlaq səhifəsini təşkil etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən son gününə - Zəfər gününə qədər qardaş ölkə Azərbaycana güclü mənəvi və siyasi dəstək verib. Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin dəvəti ilə ilk xarici qonaq da məhz Türkiyə Prezidenti olub. Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik zirvəsi olan Şuşa Bəyannaməsinin imzalanması ilə qardaş Türkiyə ilə olan əbədi dostluğumuz bütün dünyaya bəyan edilib: “Dünyada siyasi münasibətlərdəki gərginlik, yeni geosiyasi reallıqlar fonunda bu qardaşlıq, birlik, müttəfiqlik mesajlarının bir daha heç bir qeyd-şərt qoyulmadan, tərəddüd edilmədən, daha da güclü, daha da möhkəm şəkildə nümayiş etdirilməsi artıq iki qardaş ölkənin dostluq mesajı olmaqla yanaşı, həm də iki müdrik siyasi lider - Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dünyaya verdi siyasi mesajdır. Bu gün dünya dövlətləri arasında silahlı münaqişələrin, ərazi iddialarının, müharibələrin alovlandığı bir vaxtda ərazi bütövlüyünün və suverenliyin qorunub saxlanılması bütün dövlətlər üçün siyasi prioritetə çevrilib. Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionu da daxil olmaqla, ümumilikdə qitəmizdə və dünyada siyasi vəziyyət olduqca gərgindir. Bu siyasi gərginliyin, yeni yaranmış və sürətlə dəyişən reallıqların nəticəsidir ki, 200 ildir hərbi neytrallıq siyasəti yürüdən İsveç, eləcə də Rusiya ilə 1300 km-ə yaxın sərhədə malik olan Finlandiya bu gün NATO-ya üzv olmaq barədə qərar qəbul edib. Qərb və Şərq dünyalarının qovuşduğu və ölkəmizin də yerləşdiyi Cənubi Qafqaz regionunda da üç dövlətdən ikisi hərbi təhlükəsizlik baxımından ittifaq hədəflərini müəyyən ediblər. Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu günlərdə Moskvada keçirilən sammitində təşkilatdan narazılığını ifadə edib. Paşinyan KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib. Digər Cənubi Qafqaz ölkəsi Gürcüstana gəldikdə isə, Gürcüstan artıq uzun zamandır ki, NATO-ya üzvlük istəyini açıq şəkildə bildirir. SSRİ dağıldıqdan və müstəqilliyimiz bərpa olunduqdan sonra 1993-cü ildə Azərbaycan MDB-yə daxil olsa da, həmin dövr üçün düzgün olan müdrik siyasi qərarla KTMT-yə qoşulmayıb. Bu müdrik balanslaşdırılmış siyasət bu gün də Prezident tərəfindən davam etdirilir”.

Parlamentin komitə sədri qeyd edib ki, Azərbaycan Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir: “Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər də regionun sabitliyi və inkişafı üçün mühüm amildir. Digər tərəfdən, Türkiyənin NATO-nun üzvü olması faktı da nəzərə alınmalıdır. Belə bir mürəkkəb və gərgin geosiyasi vəziyyətdə yalnız həqiqi dostluğa, qardaşlığa, qırılmaz tarixi bağlara əsaslanan müttəfiqlik münasibətləri daha da inkişaf edə bilərdi. Yalnız müstəqil siyasi iradəyə, beynəlxalq nüfuza, güclü liderlik qabiliyyətinə malik liderlər dünyanın hazırkı gərgin geosiyasi vəziyyətində bu müttəfiqliyi qoruya və daha da inkişaf etdirə bilərdi. Azərbaycan-Türkiyə müttəfiqliyi məhz bu münasibətlərin dünyada ən yüksək nümunəsidir. Başqa sözlə, Azərbaycan-Türkiyə müttəfiqliyi dünya üçün bir nümunədir. Torpaqlarımızın 30 il işğal altında qaldığı dövrdə BMT-nin qətnamələrinin icra edilməməsi, ATƏT-in Minks qrupunun qeyri-fəallığı, bəzi dövlətlərin birtərəfli münasibəti bizə haqq verib ki, qardaş ölkə Türkiyə ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həll edilməsi də daxil olmaqla, milli maraqlarımızı birgə qoruyaq. Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olan Rizə görüşü bütün dünyaya göstərdi ki, biz çətin günlərdə, savaşda bir yerdə olduğumuz kimi, xoş günlərdə də bir yerdəyik. Hər zaman bir-birimizin kədərini bölüşməyə hazır olduğumuz kimi, uğurunu da bölüşməyə hazırıq. Bunun bariz nümunəsidir ki, Rize-Artvin hava limanının açılışında Prezident iştirak etdiyi kimi, Qarabağımızın bərpasının bir hissəsi olan Fizuli beynəlxalq hava limanının açılışında da sevincimizi bizimlə bölüşən Rəcəb Tayyib Ərdoğan olmuşdu”.

Ziyafət Əsgərov vurğulayıb ki, hazırda Azərbaycan tarixinin ən qüdrətli, güvənli, istiqrarlı dövrünü yaşayır. Eləcə də qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünya miqyasında böyük güc mərkəzinə çevrilib, həmçinin ölkə iqtisadi cəhətdən də sürətlə inkişaf edir: “Gücümüzün birləşdirilməsi isə bizi daha da güclü edir. Bu gün biz Qarabağın bərpası işində, dünya miqyaslı sosial-iqtisadi, mədəni-humanitar layihələrdə, kommunikasiya, nəqliyyat layihələrinin həyata keçirilməsində çiyin-çiyinə çalışırıq. Ölkələrimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatlar daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda birgə iştirak edir. Türkiyə ilə ikitərəfli müttəfiqliyin inkişafı həm də beynəlxalq məsələlər üzrə qardaş ölkə ilə həmrəyliyimizi daha da artırır və dövlətlərimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığını daha da faydalı edir. Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz müsbət təsirini göstərir. Ulu öndər Heydər Əliyev Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyinin və sarsılmaz dostluğunun bizim ən böyük sərvətimiz olduğunu demişdir. Bu sərvətə layiqincə sahib çıxan liderlərimiz sayəsində bu birlik tarixdə ən parlaq dövrünü yaşayır. İnanırıq ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi müttəfiqlik və dostluq siyasəti hər zaman olduğu kimi hər iki qardaş xalqın maraqlarının üstün tutulması kontekstində bundan sonra da daim yüksələn xətt üzrə inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR