Ziyafət Əsgərov: Milli Məclisdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı dinləmələr keçirilməlidir

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 15 noyabr 2022 22:35 (UTC +04:00)

“Fransanın hər hansı formada Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində, sülh danışıqlarında iştirakından imtina olunmalıdır”.

Bunu APA-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib: “Biz həm Vətən mharibəsi, həm də sonrakı dövrlərdə Fransa Prezidentinin, qanunverici orqanın üzvlərinin Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqeyinin dəfələrlə şahidi olmuşuq. Vətən müharibəsindən sonra Fransa parlamentində qəbul olunan sənədlərə etiraz olaraq 2020-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi Bəyanat da qəbul edib. Təəssüf ki, bu gün ümumən Fransa siyasi elitasında ermənipərəst mövqe, erməni faşizminə dəstək meyilləri hələ də aparıcı yer tutur. Fransanın qondarma “erməni soyqırımı” məsələsində sərgilədiyi mövqe də məlumdur. Bu gün Fransa Senatının qəbul etdiyi qətnamə də beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı nümayişkəranə hörmətsizliyin növbəti təzahürüdür”.

Ziyafət Əsgərov hesab edir ki, Milli Məclisdə Fransanın Əlcəzairdə törətdiyi soyqırım və müstəmləkəçilik siyasəti ilə bağlı dinləmələr keçirilməlidir: “Fransanın müstəmləkəçilik siyasəti bütün dünyaya yaxşı məlumdur. Fransa tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə Fransa ordusu tərəfindən qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. İrqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlər "Fransanın ərəb Müsəlmanları" adlandırılaraq əhalinin torpaq və mülklərini əllərindən alınmışdı . Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməlidir, lakin bundan imtina edir. Belə bir qara keçmişi olan Fransanın Senatının qətnaməsində müstəmləkəçi təfəkkürü də aydın sezilir. Ancaq bu qətnaməyə səs verənlər dərk etməlidirlər və edəcəklər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş Azərbaycanın suverenliyi, ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayacaq. Biz bu gün azad edilmiş torpaqlarımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə cənnətə çevirməkdəyik. Bu baxımdan Fransa Senatının qətnaməsi bizim üçün ancaq bir kağız parçasıdır və Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdan başqa heç nəyə yaramır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR