Ziyafət Əsgərov: Prezident Ermənistana və bu ölkəni silahlandırmağa çalışanlara açıq mesaj verdi

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 11 yanvar 2023 15:15 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha bəyan etdi ki, Azərbaycan Ermənistandan özünə qarşı hər hansı bir ciddi təhlükə təsbit etsə, bu təhlükəni dərhal dəf edəcək. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və bu ölkəni silahlandırmağa çalışanlara açıq mesaj verdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, bəzi ölkələr Ermənistanı silahlandırmağa çalışır və Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirir: “Çünki dövlət başçısının da qeyd etdiyi kimi, bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın Ermənistan tərəfinə göndərdiyi siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq qarşıdurma başa çatmalıdır. Ancaq Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və nəticəsi də bəllidir. Azərbaycan son bir il ərzində - mart ayından bəri 3 dəfə göstərdi ki, hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur. Azərbaycanı bu işdə günahlandıranlar ya erməni təbliğatının qurbanları olublar, ya da ki, Azərbaycana qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər”.

Parlamentin komitə sədri qeyd edib ki, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır: “Ermənistan Praqada razılaşdırılmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidir. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaq. Ermənistan da bu tarixi şansdan istifadə etməlidir. Delimitasiyanı istəmirlərsə, sərhəd Azərbaycanın lazım bildiyi yerdən keçəcək. Bu il Ermənistan üçün sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır”.

Ziyafət Əsgərov bu aspektdə ordu quruculuğu sahəsində görülən işlərə diqqət çəkib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni nəsil müharibə aparmaqla 44 gün ərzində düşməni diz çökdürdü, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Müharibədən sonra ordu quruculuğu davam etdirilir, yenə ən müasir silah və texnikalar alınır, yeni komando qüvvələri yaradılır. Ali Baş Komandanın qeyd etdiyi kimi, bu komando qüvvələrinin sayı iki dəfəyə qədər artacaq. Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırılıb, o cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir. O cümlədən Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Bütün bunları nəzərə alaraq, Ermənistan rəhbərliyi bu il onun üçün son şansı qaçırmağın nə ilə nəticələnə biləcəyini dərk etməli, nəhayət, rasional qərar qəbul edərək ölkələrin ərazi bütövlüyünə əsaslanan sülh müqaviləsi bağlamalı, sərhədlərin delimitasiya və demarkasiyasına başlanılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR