“Vişeqrad qrupu”: Azərbaycan Avropa İttifaqı üçün strateji önəm daşıyır

“Vişeqrad qrupu”: Azərbaycan Avropa İttifaqı üçün strateji önəm daşıyır
  • Clock-gray 11:15
  • calendar-gray 28 Noyabr 2019

Azərbaycanda səfərdə olan “Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələrinin Xarici İşlər nazirliklərindən (XİN) olan nümayəndə heyətinin iştirakı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, Mərkəzin sədri Fərid Şəfiyev “Vişeqrad qrupu”nun beynəlxalq münasibətlərdə vacib rol oynadığını bildirib. 

Çex Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi David Koneçki təşkilat barədə məlumat verib. D. Koneçkinin sözlərinə görə, “Vişeqrad qrupu” əsasən qonşuluqda olan dövlətlərlə və Qərbi Balkan ölkələri ilə münasibətlərə diqqət yetirir. 

O deyib ki, təşkilat maraq doğuran məsələlərin intensiv müzakirəsində və dialoqda önəmli rol oynayır.

Regiona səfərin məqsədinə toxunan çexiyalı rəsmi bildirib ki, nümayəndə heyəti Cənubi Qafqaz ölkələrində səfərdə olaraq bir sıra görüşlər keçiriblər: “Regiona səfərimizin iki əsas məqamı var. Biz Cənubi Qafqaz ölkələrinin prioritetlərini, regional problemlər və bu ölkələrin həmin problemlərin öhdəsindən necə gəlməsi barədə müzakirələr apardıq. Həmçinin bildiyiniz kimi bu il "Şərq Tərəfdaşlığı"nın 10 illiyi qeyd olundu. Digər məqsədimiz isə bu səfərdən sonra "Şərq Tərəfdaşlığı" ölkələri ilə bağlı hesabat hazırlamaqdır”.

Polşa XİN-in nümayəndəsi Kiril Kozaçevski qeyd edib ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan Avropa İttifaqı (Aİ) üçün strateji olaraq böyük önəm daşıyır. O, Polşanın 10 il əvvəl “Şərq Tərəfdaşlığı”nın əsas təşəbbüskarlarından biri olduğunu xatırladıb. Polşa XİN nümayəndəsi Azərbaycanın suveren, müstəqil siyasətinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. 

Macarıstan XİN nümayəndəsi İstvan Balox bildirib ki, Azərbaycanın “Şərq Tərəfdaşlığı”nın gələcəyində gözləntiləri və onun bu tərəfdaşlıqda tutmaq istədiyi yer barədə müzakirələr aparılıb.

Slovakiya XİN rəsmisi Matus Busovski də çıxış edərək regionun Aİ üçün vacibliyini vurğulayıb. 

Tədbir müzakirələrlə başa çatıb.

Zümrüd Paşkin

Digər xəbərlər