20 Yanvar faciəsinin qurbanları Rusiya paytaxtında anılıb

20 Yanvar faciəsinin qurbanları Rusiya paytaxtında anılıb
# 20 yanvar 2021 14:53 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfir Polad Bülbüloğlu 20 Yanvar gecəsi həlak olanların xatirəsinə həsr olunmuş lövhənin və ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub.

Polad Bülbüloğlu o dəhşətli gecədən 31 il keçdiyini, lakin neçə il keçir keçsin, Azərbaycan xalqının bu günü heç vaxt unutmayacağını söyləyib: “20 Yanvar dəhşətli faciədir. Bu faciəni ilk pisləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. O, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə, hazırda səfirliyimizin yerləşdiyi binaya gəlib və burada ilk dəfə Sovet rəhbərliyinə etirazlarını bildirib. O zaman bu addım çox böyük cəsarət və inam tələb edirdi”.

Səfir qeyd edib ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazanıb və Qarabağ torpaqlarını işğaldan azad edib: “O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Daha sonra Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin üzvləri Səfirliyin binası önündə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş stendin önünə gül dəstələri qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR