AŞPA xüsusi komitəsinin üzvləri parlamentdə siyasi partiyaların nümayəndələri ilə görüşüb

AŞPA xüsusi komitəsinin üzvləri parlamentdə siyasi partiyaların nümayəndələri ilə görüşüb
  • Clock-gray 18:06
  • calendar-gray 23 Yanvar 2020

Bu gün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda parlament seçkilərini müşahidə etmək  üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü olub.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc Fətəliyeva qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açıb.
 
Növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə həyata keçirilən islahatların davamı kimi qiymətləndirib.
 
Qeyd olunub ki, belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik olmasının göstəricilərindən biridir. Bildirilib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində irəliləyir, qurumun təsisatları ilə hərtərəfli əməkdaşlıq həyata  keçirilir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvləri - İsveçrədən olan Alfred Heer, Estoniya  nümayəndəsi Ravio Tam,  Yunanıstandan olan Georgios Kartuqkalos Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğulayıblar.

Görüşdə iştirak edən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət  Partiyasının sədri  Tahir  Kərimli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qonaqları  maraqlandıran suallara ətraflı cavab veriblər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date