ATƏT DTİHB-in Seçkiləri Müşahidə Missiyası fəaliyyətə başlayıb

ATƏT DTİHB-in Seçkiləri Müşahidə Missiyası fəaliyyətə başlayıb
# 07 yanvar 2020 14:35 (UTC +04:00)

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası bu gündən fəaliyyətə başlayır.

APA-nın xəbərinə görə, bunu Müşahidə Missiyasının rəhbəri Piter Teyler bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki artıq beşinci dəfədir, Seçkiləri Müşahidə Missiyasına rəhbərlik edir.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarından sonra Azərbaycan tərəfi rəsmi olaraq müşahidə üçün bizə müraciət etdi. Ehtiyacların Qiymətləndirməsi Missiyası dekabrda Azərbaycana səfər etdi və seçkiqabağı mühiti, gələcək seçkilərə hazırlıq prosesini qiymətləndirdi. Bu səfərin nəticələrinə əsasən, qərar verildi ki, müşahidə missiyası əsas heyətdən, qısa və uzunmüddətli müşahidəçilərdən ibarət olmaqla işə cəlb olunacaq”, - deyə o bildirib.

P. Teyler əlavə edib ki, DTHİB 11-ci dəfə Azərbaycanda seçkiləri müşahidə edəcək: “Əsas ekspertlərdən ibarət nümayəndə heyəti 11 nəfərdən ibarətdir. Əsas heyət ATƏT-in öhdəlikləri çərçivəsində müşahidə aparacaq. Həmçinin milli müşahidəçilərdən ibarət heyət də olacaq. 30 nəfər uzunmüddətli müşahidəçi cəlb ediləcək. 350 nəfər qısamüddətli müşahidəçi olacaq və onlar seçkidən bir neçə gün öncə Azərbaycana gələcək. AŞPA və ATƏT nümayəndələri də seçki günü Müşahidə Missiyasına qatılacaq.

Onlar seçkilərdən bir neçə gün sonra ölkəni tərk edəcək. Lakin əsas heyət və uzunmüddətli müşahidəçi heyəti ölkədə qalacaq və seçki sonrası vəziyyəti müşahidə edəcək. Seçkilər bir günlük proses deyil.

Bu seçkiləri DTHİB-nin tələblərinə uğun olaraq qiymətləndirəcəyik. Bizim rolumuz seçki prosesini müşahidə etmək və hesabat hazırlamaq olacaq. Biz prosesə müdaxilə etməyəcəyik”.

Uzunmüddətli müşahidəçilər yanvarın 14-dən başlayaraq Azərbaycana gələcəklər. Vəziyyətlə bağlı və cəmiyyəti məlumatlandırmaq üçün aralıq hesabat müşahidə müddətində dərc olunacaq. Yekun hesabat isə ümumilikdə seçki prosesini qiymətləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR