ATƏT sədri: “Münaqişənin qarşısını almaq və həll etmək, nəticədə davamlı sülhə nail olmaq üçün bəzi şərtlərə əməl olunmalıdır” - MÜSAHİBƏ

ATƏT sədri: “Münaqişənin qarşısını almaq və həll etmək, nəticədə davamlı sülhə nail olmaq üçün bəzi şərtlərə əməl olunmalıdır” - MÜSAHİBƏ
# 27 noyabr 2019 15:35 (UTC +04:00)

Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın APA-ya müsahibəsi

- Cənab nazir, Slovakiyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə Azərbaycana səfər edəcəksiniz. Səfirliyin Azərbaycan və Slovakiya əlaqələrinin inkişafına verəcəyi töhfələr barədə fikrinizi öyrənmək istərdik.

- Slovakiyanın Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan vacib addımdır və bu mənada Bakıdakı səfirlikdən böyük gözləntilərimiz var. Ümid edirik ki, səfirlik öz fəaliyyəti ilə münasibətlərimizin daha da möhkəmləndirilməsi, siyasi dialoqun intensivləşdirilməsi, əməkdaşlığımızın daha sistemli şəkildə qurulması üçün qanunvericilik bazasının yaradılması, hökumətlərarası sazişlərlə bağlı təşəbbüslərin verilməsi, yüksək səviyyəli səfərlərin təşkili, işgüzar təmasların qurulması və yeni əməkdaşlıq platformalarının axtarışı kimi istiqamətlərdə faydalı olacaq. Əlbəttə, biz xalqlarımızı da bir-birinə yaxınlaşdırmaq istəyirik. Buna görə iqtisadiyyat, təhsil, səhiyyə, idman və qarşılıqlı maraq doğuran digər sahələrdə bu əlaqələrin qurulmasının konkret yollarını müəyyənləşdirməyə çalışırıq.

- Ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsindən razısınızmı?

- Son illər Slovakiya-Azərbaycan münasibətlərində yüksək səviyyəli səfərlərin artımı müşahidə olunur. Düşünürəm ki, bu, sıx əlaqələrin və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində qarşılıqlı marağımızın ifadəsidir. Onlardan bir neçəsini qeyd etmək istərdim. 2018-ci ilin noyabr ayında B2B Biznes Forumunda iştirak edən 26 slovakiyalı iş adamından ibarət nümayəndə heyətinə rəhbərlik edən Slovakiyanın Baş Naziri cənab Peter Pelleqrini Bakıya səfər edib. Bundan əlavə, mən 2019-cu ilin mart ayında ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkənizdə oldum. Bu ilin iyul ayında Slovakiya Baş Nazirinin İnvestisiya və informasiyalaşdırma məsələləri üzrə müavini Riçard Raşi Azərbaycanda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edib, Prezidentinizlə də görüşüb. Bu səfərləri çox vacib sayıram, çünki qarşılıqlı yüksək səviyyəli siyasi səfərlər anlaşma platforması yaradır və ümumi maraqların müəyyənləşdirilməsinə kömək edir. Gələcəkdə bu səfərlər əsasında ölkələrimiz arasında perspektivli inkişaf qurmalı, hər iki tərəfdən olan siyasi dəstəyi iqtisadi əməkdaşlığımızda və iş fəaliyyətimizdə konkret nəticələrə çevirməliyik. Azərbaycanda fəaliyyətə başlayacaq səfirliyimiz səylərimizin daha yaxşı əlaqələndirilməsində mühüm rol oynayacaq.

- Sizin siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə nail olmağa yanaşmanız necədir?

- Əvvəl də qeyd etdiyim kimi, qarşılıqlı dəstəyin siyasi konteksti münasibətlərimizin daha da inkişafı üçün vacib şərtdir. Mübahisəli məsələmiz yoxdur və biz əməkdaşlığımızı, xüsusilə də iqtisadi yöndə əməkdaşlığımızı daha da genişləndirməliyik. Buna daha sistemli şəkildə yanaşmalı, yekunda nəzərə çarpan nəticələr verəcək fəaliyyətimizin səmərəli mexanizmlərini və hüquqi əsaslarını inkişaf etdirməliyik. Bu o deməkdir ki, kiçik müəssisələr arasında əməkdaşlıqla bağlı təşəbbüslər verməli, investisiya imkanlarını araşdırmalı, dövlət dəstəyi ilə infrastruktur layihələrində iştirak etməli və işgüzar qarşılıqlı münasibətlərin yeni modellərini tapmalıyıq. Bu, hər iki ölkənin birgə təşəbbüsü olmalıdır. Biz qəti şəkildə inanırıq ki, Bakıda səfirliyimizin açılması, eyni zamanda ölkənizin gələn il Bratislavada açılması gözlənilən səfirliyinizin fəaliyyəti bunu gücləndirəcək.

- Cənab Layçak, bu ilin sonunda ATƏT-in sədri kimi fəaliyyətiniz başa çatır. Bu xüsusda Slovakiyanın ATƏT-ə sədrliyini ümumilikdə necə dəyərləndirirsiniz?

- İcazənizlə diqqətə çatdırım ki, Bakıya ATƏT sədri kimi deyil, Slovakiyanın Xarici İşlər naziri olaraq səfər edirəm. Sualınıza gəlincə, Slovakiyanın ATƏT-ə sədrliyi Slovakiya diplomatiyası üçün həqiqətən vacib və yaddaqalan bir cəhddir. Yerlərdə insanların vəziyyətinin yaxşılaşdırılmasına, dialoqun təşviqinə və ATƏT regionunda sabitliyin təmin olunmasına yönəlmiş bir sıra səfərlər, konfranslar və görüşlər təşkil etdik. Slovakiyanın ATƏT-ə sədrliyi ATƏT-in işinə güclü dəstək, təşkilatın bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlığının inkişafına təkan verdi. Hesab edirik ki, qarşımızda bir əsas məqam da qalır. Bu, 2019-cu ilin dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Nazirlər Şurasının iclasıdır. Ümid edirəm ki, bu iclasda bütün iştirakçı dövlətlər təşkilatımızın gələcək fəaliyyəti istiqamətində razılığa gələ biləcək. İl ərzində gördüklərim, eşitdiklərim və öyrəndiklərimə əsaslanaraq, deyə bilərəm ki, siyasi iradəni qəti şəkildə müdafiə etməli və göstərməliyik, mövcud öhdəliklərimizi yerinə yetirməli, açıq dialoqa davam etməli və etimad yaratmalıyıq.

- İnkaredilməz faktdır ki, ATƏT regionu bir çox münaqişələrlə üzləşir. Bir qədər təfərrüata vararaq sizdən Dağlıq Qarabağ münaqişəsi barədə soruşmaq istərdik. Slovakiyanın ATƏT-ə sədrliyi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi prosesinə nə dərəcədə töhfə verdi?

- Çox haqlısınız. ATƏT regionunda bir çox münaqişələr gedir və bu münaqişələrin nəzarət altına alınması və həlli, onların insanlara təsirini qismən azaltmaq cəhdləri bizim sədrlik dövrümüzdə gündəlikdə duran əsas məsələ olub. ATƏT-in fəaliyyətdə olan sədri kimi, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar həm Bakıya, həm də İrəvana səfər etdim. Dövlət başçıları və digər mühüm rəsmilərlə danışdım. Həmkarlarım - Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə müntəzəm olaraq ünsiyyətdə oldum. Şəxsi nümayəndəm, səfir Anjey Kaspşik gündəlik olaraq apardığımız sülh danışıqlarına dəstək cəhdlərimizin mərkəzində dayanmışdı. Minsk Qrupu həmsədrləri bu il çox fəal olublar, eyni zamanda mən də onlarla tez-tez görüşürdüm və onları tamamilə dəstəkləyirəm.

- Slovakiyanın sədrliyi dövründə inamın artırılması tədbirlərinin və xalqlar arasında ünsiyyətin əhəmiyyəti dəfələrlə vurğulanıb. Sizcə, bu çağırışlara nə dərəcədə əməl olunub və bu tədbirlər nə dərəcədə həyata keçirilib?

- “Xalqları sülhə hazırlamaq” konsepsiyası Minsk qrupu prosesində meydana çıxdı, lakin bu konsepsiyanın tətbiqi ATƏT regionundakı bütün münaqişələr üçün mümkündür. Münaqişənin qarşısını müvəffəqiyyətlə almaq və onu həll etmək, nəticədə davamlı sülhə nail olmaq üçün bəzi şərtlərə əməl olunmalıdır, tərəflər arasında inam və etibar isə ən mühüm şərtlərdəndir. Məsələn, ATƏT sədrliyinin əvvəllərində mən Şərqi Ukrayna üçün inamın artırılmasına yönəldilmiş bəzi tədbirlər müəyyənləşdirdim və indi deyə bilərəm ki, ATƏT-in fəaliyyəti sayəsində Luqansk Stanitsası şəhərində körpü təmir edildi və insanlar ondan istifadə edir.

- Münaqişələrin həllindən danışılarkən “regionun əhalisi nəzərə alınmalıdır” fikri tez-tez irəli sürülür. Region əhalisinin əksəriyyətinin qaçqın və məcburi köçkün olduğunu nəzərə alsaq, bu təklif nə dərəcədə məntiqlidir?

- Bizim sədrliyimiz insanlar, dialoq və stabillik, qismən də münaqişənin təsirinə birbaşa məruz qalan insanların həyatlarının yaxşılaşdırılması üzərində qurulur. Qaçqın və məcburi köçkün məsələsi yalnız Cənubi Qafqaz regionunda deyil, bütün münaqişələrin həlli üçün olduqca mühümdür.

- Son sual isə dekabrda Bratislavada keçiriləcək ATƏT-in Nazirlər Şurasının 26-cı iclası ilə əlaqədardır. Bu görüş çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşəcək. Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin görüşünə hansı ümidləriniz var?

- Nazirlərin görüşü sədrliyimizin mühüm hadisəsi olacaq və bütün təşkilatın, iştirak edən dövlətlərin işi Bratislavadakı görüşlərimizin nəticələrinə əsasən qiymətləndiriləcək. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri iştirak edəcəklərini təsdiqləyiblər və fəaliyyətdə olan sədr kimi Minsk qrupu prosesi çərçivəsində onların davam edən cəhdlərini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR