Aleksandr Vuçiç Ermənistanın Serbiya istehsalı silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana heyət göndərəcək

Aleksandr Vuçiç Ermənistanın Serbiya istehsalı silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana heyət göndərəcək
# 07 avqust 2020 14:02 (UTC +04:00)

Serbiya Prezidenti Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsi faktını araşdırmaq üçün Azərbaycana nümayəndə heyəti göndərəcək.

APA-nın məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.

Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR