Ali Baş Komandan: “Torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar”

Ali Baş Komandan: “Torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar”
# 29 oktyabr 2020 01:00 (UTC +04:00)

“Mən demişdim ki, biz həlak olan hərbi qulluqçuların sayını münaqişə, müharibə başa çatandan sonra açıqlayacağıq. Müharibə başa çatdıqdan sonra. Dinc sakinlərə gəlincə, biz məlumatları dərc edirik. Mən sizə dedim: 69 nəfər həlak olan və 300-dən çox yaralı var”.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Azərbaycan Prezidenti Ermənistanın döyüşdəki itkilərini açıqlayıb: “Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni, bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, mən yenə dedim ki, biz onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır”

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var: “Onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş “T-72” tankları, ən müasir “T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. “Polonez”, “Lora”, “Ekstra”, “Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun “siçovul yuvası” var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir”.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı diqqətə çatdırıb ki, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar: “Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirəm ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almamaq təcrübəsini əsas götürməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR