Almaniya səfirliyi həmrəylik və dostluq jesti üçün Azərbaycana təşəkkür edib

Almaniya səfirliyi həmrəylik və dostluq jesti üçün Azərbaycana təşəkkür edib
# 07 aprel 2020 14:30 (UTC +04:00)

"Həmrəylik və dostluq jesti üçün Azərbaycana təşəkkür edirik!".

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi "Facebook" səhifəsində qeyd edib: "Dünən gecə Bakının mərkəzində olan Heydər Əliyev Mərkəzi alman və Azərbaycan bayraqlarının rənglərində parladı. Azərbaycan bir neçə gün davam edən kampaniya ilə koronavirusdan ciddi şəkildə zərər çəkən Almaniyaya və digər ölkələrə dəstəyini ifadə edir".

Səfirliyin məlumatında qeyd olunub ki, aprelin 6-da səfir Volfqanq Maniq Heydər Əliyev Mərkəzinin rəhbəri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov ilə görüşüb. Görüşdə alman diplomat qeyd edib ki, bu, koronavirusa qarşı ümumi mübarizəmizi qiymətləndirmək üçün təkcə hökumətlər arasında deyil, həm də xalqlar arasında olan dostluğun əlamətidir: "Mənim üçün bu, çox yaxşı bir siqnaldır. Azərbaycanın ən əhəmiyyətli binalarından birində Almaniya bayrağı göstərilir. Çox sağ olun!".

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR