Arzuların şəhəri - İSTANBULDAN REPORTAJ

Arzuların şəhəri - İSTANBULDAN REPORTAJ
# 23 mart 2021 17:20 (UTC +04:00)

“Dünya bir kitabdır, səyahət etməyən insanlar onun yalnız bir səhifəsini oxuyur”, - bunu IV-V əsrdə yaşamış Qərb xristianlığının ilahiyyatçısı və filosof Avqustin Arelius deyib. Səyahət bizə yeni məkanları, mədəniyyətləri, insanları tanımaq imkanı verir, səyahət edərək daha çox şey öyrənir, kəşf edirik.

Artıq bir ildir ki, COVID-19 pandemiyası ilə əlaqədar bir sıra məhdudiyyətlərin, o cümlədən səyahətlə bağlı məhdudiyyətlərin tətbiqi bizi bu imkanlardan məhrum edib. Bununla yanaşı, həm də daxilimizdəki narahatlıq bizi səyahətlərdən çəkindirir. Gediləcək ölkənin, şəhərin koronavirusla necə mübarizə aparması, tədbirlər görməsi turistlər üçün çox vacibdir. Bu turistə özünü daha təhlükəsiz hiss etmək imkanı verir.

Etiraf edim ki, Türkiyəyə səfər öncəsi mənim də ürəyimdə həmin narahatlıq vardı. Ancaq səyahətimdən sonra bu ölkəyə səfər edəcək turistlərə deyə bilərəm ki, Türkiyə turistlərə təhlükəsiz səyahət üçün bütün imkanları yaradır. Sizə qalansa bu ölkənin gözəlliklərini kəşf etməkdir. Hər addımda sosial məsafənin qorunması və digər qaydalar barədə xəbərdarlıqlar, mağaza, kafe və digər ictimai yerlərdə dezinfeksiya məhlulları, hərarət ölçən cihazlar, pulsuz paylanan tibbi maskalar, qapalı məkana daxil olarkən müvafiq qaydalara əməl olunması üçün ciddi nəzarət və s.

Onu da əlavə edim ki, bu günlərdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi və Türkiyə Turizmi Tanıtma və İnkişaf Agentliyi (TGA) ilə koordinasiyalı şəkildə turizm sektorunda çalışanlar üçün “Turizm işçilərinin peyvəndlənməsi qeydiyyat proqramı”nı başladıb. Bu proqram qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində reallaşdırılır.

Kəşf olunması həftələr, aylar tələb edən iki şəhərin gəzintisini 4 günə sığışdırmaq...

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Turizmi Tanıtma və İnkişaf Agentliyinin təşkilatçılığı ilə, Azərbaycanla yanaşı, daha 5 ölkədən – Ukrayna, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqrodan olan jurnalistlərin Türkiyəyə 4 günlük səfəri çərçivəsində Çanaqqala və İstanbul şəhərlərində olduq.

Təyyarəmizin eniş etdiyi Avropanın ən böyük hava limanlarından biri olan İstanbul hava limanından Çanaqqalaya yola düşdük. Yolboyu düzlərin, təpələrin yaşıllaşması artıq yazın gəlişindən xəbər verirdi. Uzaqda külək durbinlərinin pərləri asta-asta fırlanırdı. Türkiyənin bu bölgəsi də Bakı kimi küləklidir. Bələdçimiz dedi ki, yerli sakinlər həmişə küləyin bu torpaqlara bərəkət və bolluq gətirdiyinə inanıb.

Bölgə həm də bol günəşlidir, elə buna görə də yolboyu evlərin damında günəş panellərini görəndə təəccüblənmədim. Bu gün bərpaolunan enerji mənbələrindən istifadənin vacibliyi vurğulanır, Türkiyənin də bu istiqamətdə addımlar atdığını görmək ekologiyaya həssas biri kimi məni sevindirdi.

Qədim tarixlə valehedici təbiətin qovuşduğu nöqtə - Assos

Çanaqqala səyahətimizin ilk günündə Assosa yola düşdük. Bələdçimiz bu qədim kəndin istər yerli, istər də xarici turistlərin tez-tez səfər etdiyi bir məkan olduğunu dedi. Kəndin türkcə adı isə Bəhramqaladır. Kənddə yay vaxtı həyat qaynayır, lakin indi hələ turizm mövsümü tam başlamadığı üçün qarşılaşdığımız yalnız kəndin pişikləri və bir neçə yaşlı sakini oldu.

Deyərdim ki, təbiətlə tarix Assosda qovuşur. Bir tərəfdə Assos kəndinin hündürlükdən görüntüsü, digər tərəfdə Egey dənizinin mavi suları və Assosun ən hündür təpəsində tikilmiş dorik üslubda olan Atena məbədi nəfəskəsici bir gözəllik idi.

Məbəddən günümüzə bir neçə sütun gəlib çatıb, amma abidə hələ də öz əzəmətini saxlayır. Antik dünyanın memarlıq nümunəsi olan bu tapınağın yaxınlığında bir məscid yerləşir. Bu məscid XIV əsrin ikinci yarısında I Murad Xudavəndigar tərəfindən bu torpaqların Osmanlıya birləşdirilməsindən sonra inşa edilib.

Assos barədə məlumat verən bələdçimiz bildirdi ki, bu kənd antik dövrdə Troas adlanan bölgənin cənubunda vulkanik bir təpənin zirvəsində və yamaclarında salınıb. Tarix boyunca Lidya, Persiya və Romanın nəzarətində olub, orta əsrlərdə isə kənd tərk edilib. 1880-1883-cü illərdə Amerika Arxeologiya İnstitutunun apardığı qazıntılar zamanı bu antik kəndin qalıqları aşkarlanıb.

Bu gün kənd turistik bir yerə çevrilib, istər antik tarixlə maraqlanan, istərsə də möhtəşəm təbiəti görmək istəyənlər buranı ziyarət edir.

Assosda sanki təbiətlə antik tarix səyahətçini heyran etmək üçün yarışa girib.

Əfsanəvi Troya

Yəqin ki, hamınız Troya əfsanəsi xatırlayırsınız. Dünyanın ən məşhur arxeoloji yerlərindən biri olan şəhər, Troya Çanaqqalanın sərhədləri daxilində yerləşir. Şəhərin qalıqlarının yerləşdiyi ərazi 1996-cı ildə Milli Park elan edilib və 1998-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Bu qədim şəhəri Homerin yazdığı “İliada” və “Odisseya” dastanlarına qədər uzanan tarixi bir səyahətin qapısı adlandıra bilərik. Rəvayətə görə, axeylər düz 9 il Troya şəhərini mühasirəyə almış, lakin işğal edə bilməmişdi. Çox cəhdlərdən sonra hiyləgər və çevik Odissey bir gün taxta lövhədə at düzəltməyi düşünür. Bu hiylə sayəsində Troyanın içinə sızan axeylər şəhəri işğal edir. Bununla həm də siyasət və hərb elminə “Troya atı 2” ifadəsi hədiyyə edilir. Homerin "İliada" və "Odisseya" dastanlarına mövzu olan bu müharibənin simvolu Troya atının maketi Milli Parkın ərazisində də yerləşdirilib. Qeyd edim ki, 2004-cü ildə çəkilən məşhur "Troya" filmində istifadə olunan Troya atının maketi də Çanaqqala şəhərinə hədiyyə olunub.

Qədim şəhərin qalıqlarının yerləşdiyi əraziyə yaxın yerdə Troya muzeyi yerləşir. Muzey 2013-cü ildə inşa edilib. Bu, ənənəvi muzeylərdən fərqlənir. 3 mərtəbədən ibarət olan muzeydə Homerin "İliada"sı ilə tarixə çevrilən Troas bölgəsində iz qoymuş Troya, onun mədəniyyəti, yaşayış tərzi arxeoloji qazıntılardan tapılan əsərlərlə izah olunur. Muzeyi ziyarət edərkən ziyarətçilər yeddi başlığa bölünmüş bir hekayəni izləyirlər: Troas bölgəsinin arxeologiyası, Troya Tunc Dövrü, İliada və Troya müharibəsi dastanı, Qədim dövrdə Troas və İlyon, Şərqi Roma və Osmanlı dövrü, Arxeologiya Tarixi, Troya İzləri.

Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış qalıqlar nümayiş olunur ki, bunların arasında pul sikkələri, fiqurlar, heykəllər və qablar var. Nümayiş olunan camların üzərindəki xüsusi illüstrasiyalar, təsvirlər o qədər incədir ki, adam təəccübünü gizlədə bilmir. Min illər öncə necə bacarıqlı sənətkarlar varmış...

Bu tarix qoxuyan şəhərdən ayrılmaq çətin olsa da, iki günlük səfərimizi tamamlayıb, İstanbula geri dönürük, çünki dünyanın arzuladığı şəhəri də görməliyik.

İstanbul...

İki qitənin qovşağında yerləşən İstanbul, bu mistik şəhər görməli yerlərdən daha çox şeyi ifadə edir. Bu şəhərin hər küncündə qədim və fərqli sivilizasiyaların nəfəsini duyursan. İstər təbiətinin gözəlliyi, istərsə də zəngin tarixi baxımından şəhərə heyran olmamaq mümkün deyil. Gördüyünüz mənzərə, yüz illər, min illər öncə tikilən memarlıq abidələri qəlbinizi riqqətə gətirir. Hər zaman düşünmüşəm ki, bəzi şəhərlərin öz ruhu var və əminliklə deyə bilərəm ki, İstanbul da belə şəhərlərdən biridir.

İstanbulu kəşf etmək üçün günlər, aylar lazımdır, lakin bu şəhərə qısa səfərimiz çərçivəsində şəhərin tarixi baxımdan ən önəmli yerlərini ziyarət etdik.

Dünyanın ən böyük örtülü bazarları, məşhur Qalata qülləsi, qaynar küçələr, memarlıq möcüzəsi Aya Sofya...

Şəhər gəzintisinin ilk günündə İstanbulun məşhur "Misir çarşısı"na baş çəkdik. Bələdçimiz bildirdi ki, "Misir çarşısı" Yeni Camii Külliyyəsinin bir parçası olaraq inşa edilib. Sultan III Muradın xanımı Safiyə Sultanın əmri ilə 1597-ci ildə təməli qoyulan Yeni Camiinin inşası 1663-cü ildə tamamlanıb. Bazar Osmanlı tarixində ən uzun müddət davam edən məscid inşası olan Yeni Camii külliyyəsinin içərisində yer alıb. "Misir çarşısı" 17-ci əsrə aid yazılarda “Yeni çarşı’’ və “Validə çarşısı’’ adları ilə qeyd olunsa da, ancaq bazardakı dükanlarda Misirdən gələn mal və ədviyyatlar satıldığı üçün 18-ci əsrdən etibarən “Misir çarşısı" adını alıb və bu günədək adını qoruyub saxlayıb.

Altı giriş qapısı olan bazarın içərisinə daxil olarkən müxtəlif ədviyyatların bir-birinə qarışan ətri adamı bihuş edir. Bu ədviyyat qoxuları insana qədim Şərqi andırır. Diqqətimi cəlb edən digər bir məqam bazardakı satıcıların çoxunun bir neçə dildə müştərilərlə danışması idi. Bələdçimiz bildirdi ki, bu, bazara xarici turistlərin çox gəlməsi ilə bağlıdır. Ona görə də satıcılar rus, ingilis, ispan və ərəb dillərində az-çox öyrənirlər ki, turistlərlə danışa bilsinlər. Bazarda Azərbaycandan gəldiyimizi bilən satıcılar bizləri Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik etdilər. Hətta satıcılardan biri müharibədə Ermənistan ordusundan qənimət olaraq ələ keçirilən silah-sursatın saxlandığı xüsusi bir yerin olub-olmadığını soruşdu. “Əgər elə bir hərbi muzey varsa, Bakıya səfər edərkən mütləq ziyarət edəcəyəm”, - deyə satıcı gülümsəyərək bildirdi.

İstanbulun turistləri cəlb edən və hər kəsin baş çəkdiyi digər tarixi məkanı "Kapalı çarşı"dır. Biz də bu ənənəyə sadiq qaldıq. "Kapalı çarşı" dünyanın ən böyük qapalı və qədim bazarlarından biri hesab olunur. Bələdçimiz bazarın sahəsinin 30 min kvadratmetrdən çox olduğunu və burada 4000-dək dükanın yerləşdiyini bildirdi. Bazarı tam gəzmək üçün bir gün kifayət deyil. "Kapalı çarşı"da daha əvvəllər qızıl-zinyət əşyaları satılsa da, bu gün bununla yanaşı, həm də xalçalar, ədviyyatlar, türk şirniyyatları da satılır.

Bazar əslində sırf ticarət funksiyasından daha çox Osmanlı ənənəsini yaşadır və səyahətçilərə Osmanlı dövrü Türkiyəsini hiss etmək imkanı yaradır.

İstanbulda turistlərin üz tutduğu digər memarlıq abidəsi Qalata qülləsidir. Bu qüllə Türkiyənin əsas simvollarından biridir. UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilən bu abidə XIV əsrdə tikilib. 67 metr hündürlüyündə olan bu qüllədən İstanbulun 360 dərəcəlik möhtəşəm mənzərəsi valehedicidir.

Tarixi tikilinin ən yüksək nöqtəsindən başda İstanbul sahili olmaqla, Haliç bölgəsi və boğaza mənzərə açılır.

Hesablamalara görə, qüllənin ağırlığının 100 min ton olduğu təxmin edilir.

Düşünürdüm ki, pandemiya ilə əlaqədar yəqin qüllənin önündə sıxlıq olmayacaq. Lakin pandemiyaya baxmayaraq, turistlər bu gözəlliyi görmək üçün növbəyə dayanmışdılar.

İstanbulun mərkəzi küçələrindən biri İstiqlal həmin gün sakit idi, bazar günü olduğu üçün mərkəzi küçədə yalnız turistlər gözə dəyirdi. COVID-19 pandemiyası ilə əlaqədar həftə sonları yalnız icazəsi olan şəxslər və turistlər çöldə gəzir. Bu mərkəzi küçədə ən yeni brend mağazaları və köhnə dükanları yanaşı görə bilərsiniz. Küçənin bir ucu Taksim meydanına gedib çıxır, digər ucu isə Qalata qülləsinədək uzanır. Dar küçə boyunca kiçik kafe və restoranlar yerləşir. Küçədə musiqi səsləri bir-birinə qarışır.

İstanbulda məscidlər bir növ şəhərin simvoluna çevrilib. Şəhərdə təxminən 3000-dək ibadətə açıq məscid var. Bu məscidlərin bir çoxu Osmanlı dövründə inşa edilib və ya Bizans dövründə tikilən abidələr Osmanlı dövründə ibadətgahlara çevrilib. Bu məscidlər, ibadətgahlar İstanbulun mənzərəsinə, şəhərin atmosferinə qeyri-adilik, özünəməxsusluq qatır.

Bu memarlıq nümunələri xüsusilə gün batarkən şəhərə mistik bir görünüş bəxş edir.

Şəhərdə səfərimizin sonuncu günündə Aya Sofyaya getdik. Bu memarlıq abidəsini anlatmaq, təsvir etmək kifayət deyil, bunun üçün gərək özünüz oraya mütləq baş çəkəsiniz.

Tur bələdçimiz bildirdi ki, VI əsrdə inşa edilən Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən 8 ədəd qırmızı porfir sütundan istifadə olunub, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınıb. Xüsusən də Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmərlər gətirilərək tikintidə istifadə edilib. Aya Sofyanın qübbəsinin genişliyi dövrün möcüzəsi hesab olunurdu. Bələdçimizin sözlərinə görə, Aya Sofyanın qübbəsinin hündürlüyü 55 metrdən, eni isə 31 metrdən artıqdır və bu qübbə eni 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 107 sütun saxlayır. Günəşin gün ərzində yerini dəyişməsindən asılı olaraq, abidənin içərisinə bol işıq düşür. Bunun səbəbi isə onun 40 pəncərəsinin olmasıdır. Əlavə edim ki, Aya Sofya 1934-cü ildən muzey kimi fəaliyyət göstərsə də, 2020-ci ildə Türkiyə hökumətinin qərarı ilə ibadətə açılıb.

Bu böyük şəhərdə insanların stressini mavi sular və bir də mehriban pişiklər azaldır

Suların sahilində yerləşən şəhərlər bir başqa cür gözəl olur. Bu, çay, okean, dəniz, göl də ola bilər. Su şəhərə bir canlılıq, fərəhlik gətirir sanki... İstanbul bu mənada çox şanslı şəhərdir. İstanbulun Asiya və Avropa tərəflərini ayıran Bosfor boğazı, Beyoğlu və köhnə şəhəri ayıran türklərin Haliç adlandırdığı Qızıl burunun mavi suları şəhəri bir neçə hissəyə bölür. Beləliklə, hara gedirsinizsə gedin yaxınlığınızda mütləq bir sahil var, orada qayıqlar və gəmilər astaca yırğalanır, qağayılar uçuşur.

Tarixi abidələrlə yanaşı, İstanbulun əsas simvollarından biri də deyərdim ki, şəhərin pişikləridir. Bəlkə də pişiklərin sayı şəhərdəki insanların sayından çoxdur. Hər addımbaşı, hər küçənin tinində pişiklərlə rastlaşırsınız. Yol kənarlarında pişiklərin yatması üçün qutular, səkilərin kənarında qablarda qoyulmuş pişik yeməklərinə tez-tez rast gəlirsiniz. Bu şəhər sakinlərinin və şəhər bələdiyyəsinin heyvanlara qarşı həssas və qayğıkeş olduğunun göstəricisidir.

İki günlük səyahətdən sonra İstanbuldan ayrılmaq çətin olsa da geriyə - Bakıya döndüm. Amma İstanbulla vidalaşmadım, çünki bu sehrli şəhər məni elə tilsimləyib ki, bu şəhərə yenidən qayıdacağıma söz verdim...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR