Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib - FOTOSESSİYA

Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib - FOTOSESSİYA
# 10 dekabr 2019 21:21 (UTC +04:00)

Dekabrın 10-da Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən “Səfirlər proqramı”nın təqdim edilməsi mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və işgüzar tədbirlər sənayesinin iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, proqramın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil edəcək xarici assosiasiyaların üzvləri olan professorları, elmi tədqiqatçıları və elm sahəsi üzrə ölkənin tanınmış simalarını – “səfir”ləri bir araya gətirməkdir.

Çıxışlarda “səfir”lərin ölkənin işgüzar turizm potensialının üzv olduqları beynəlxalq təşkilatlarda səmərəli təbliğ etməklə irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycana cəlb olunmasında mühüm rol oynayacaqları qeyd olunub. Hazırda “Səfirlər proqramı”na daxil olan mütəxəssislərin sayının 10 nəfər olduğu, lakin qarşıdakı illərdə bu sayın 50 nəfərə çatmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, strateji hədəf olaraq işgüzar turizmin inkişafının dəstəklənməsi üçün işgüzar tədbirlər sənayesi üzrə “fəxri səfirlər klubu”nun yaradılması görüləcək tədbirlər sırasına daxil edilib.

Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun bir illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid APA-ya müsahibəsində bildirib ki, Azərbaycanın “Sibos”, “Cebit” , “Kanton Fair” səviyyəsində konfranslara ev sahiblik etmək potensialı var: “Mən buna sübut olaraq Azərbaycanda keçiriləcək Beynəxalq Astronavtika Konqresini göstərə bilərəm. Biz Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasındakı seçkilər zamanı bunu isbatlamışdıq. Azərbaycanın turizm və biznes sənayəsi mövzusunda bu qədər güclü potensialı olmasaydı, yəqin ki, bu, mümkünsüz olardı”.

Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının Avropa üzrə meneceri Elif Balcı isə jurnalistlərə müsahibəsində Azərbaycanın turizm potensialından söz açıb. O bildirib ki, Azərbaycanın turizm sektorunun bütün kateqoriyalarında xarici vətəndaşları layiqincə qəbul etmək üçün bütün imkanları mövcuddur.

İşgüzar tədbirlər sənayesinin gələcək trendləri haqqında keçirilən panel müzakirələrində Rusiya Konqreslər Bürosunun direktoru Aleksey Kalaçev, Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının Avropa üzrə meneceri Elif Balcı, işgüzar tədbirlər üzrə nüfuzlu “Enited Business Events” şirkətinin baş məsləhətçisi Henrik Von Arnold, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktor müavini Bəhruz Əsgərov və Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva çıxış ediblər.

Həmçinin tədbir zamanı il ərzində Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli assosiasiya nümayəndələri, Azərbaycan Konqreslər Bürosu ilə aktiv şəkildə əməkdaşlıq etmiş İşgüzar Tədbirlər Sənayesi Alyansının üzvləri mükafat və sertifikatlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR