Azərbaycan Prezidenti Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi barədə bəyanatına münasibət bildirib

Azərbaycan Prezidenti Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi barədə bəyanatına münasibət bildirib
  • Clock-gray 23:46
  • calendar-gray 26 Fevral 2021

“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısı Vətən müharibəsi dövründə, Ermənistanın da iddia etdiyi kimi, bu ölkəyə məxsus qırıcı təyyarənin vurulması ilə bağlı xəbərlərə də toxunub: “Təsəvvür edin, onların təyyarəsi itir. Onlar bilmirlər ki, təyyarələri haradadır. Təyyarə bir istiqamətə uçub, digər istiqamətə uçub, pilotlar gizlənib, təyyarə itib, onlar oturub fikirləşirlər ki, təyyarəni kim qaçırıb və ya oğurlayıb. Sonra Əbu-Dabidə ADEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi. Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəklik etmək və kiminsə dalınca qaçmaq nəyə lazım idi. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamı öz məhsulunu gətirib, Ermənistan stendində isə hansısa kitabçalar var. Axı, bu, biabırçılıqdır. Daha sonra bəyanat vermək ki, “İsgəndər” buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar “Skad”, “Toçka U” raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib. Biz təbii ki, bu məlumatı dərhal Rusiya tərəfinə çatdırdıq. Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım. Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi. Yoxsa, biz onları sadəcə, tamamilə məhv edərik. Hesab edirəm ki, Rusiya tərəfinin təsiri özünü göstərdi. Çünki Gəncəyə son zərbələrdən sonra bir daha belə cəhdlər olmadı. Hərçənd buna qədər onlar müntəzəm hücuma keçirdilər. Yeri gəlmişkən, bundan sonra da həm artilleriya silahlarından, həm də minaatanlardan bizim şəhərlərimizə daim hücum edirdilər. Tərtərə məncə, 16, yaxud 18 min bomba düşüb, o cümlədən dəfn mərasiminə hücum ediblər. Yəni dinc əhaliyə maksimum ziyan vurmaq istəyiblər. Görünür, bu, onların acizliyinin, zəifliyinin, döyüş meydanında məğlub olmalarının nəticəsi idi. Onlar düşünürdülər ki, bizi bu yolla dayandıracaqlar. Hərçənd, mən demişdim ki, öz yaxınlarını itirmiş və ya uçqunların altından çıxmış, tamamilə qan içində olan adamlar deyirdilər ki, yalnız irəli gedin, təki dayanmayın.

Nə etmək, hansı çəkindirmə mexanizmlərindən istifadə etmək lazım olması barədə sualınıza gəldikdə, Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”.

apa-logo-mini

Digər xəbərlər