Azərbaycan Prezidenti: “İtaliya nümayəndə heyətinin Ağdam və Gəncəyə səfər etmək qərarı məni təsirləndirdi”

Azərbaycan Prezidenti: “İtaliya nümayəndə heyətinin Ağdam və Gəncəyə səfər etmək qərarı məni təsirləndirdi”
# 09 dekabr 2020 14:15 (UTC +04:00)

“Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi.

Bizim münasibətlərimizə gəldikdə, hesab edirəm ki, bunun gözəl gələcəyi var. Bu günədək biz siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğura nail olmuşuq. Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq. Bununla da Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaş olacaqdır”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu, müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir.

“Bildiyiniz kimi, biz hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısını təşkil edirik və İtaliya hər zaman burada yüksək səviyyədə təmsil olunur. Həmin toplantıların sayəsində biz 3500 kilometr uzunluğunda boru kəmərini inşa etməyə müvəffəq olduq. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır.

Əlbəttə, biz əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq. Bilirəm ki, sizin səfərinizin gündəliyi olduqca genişdir. Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var.

Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR