Azərbaycan Prezidenti: "İqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir"

Azərbaycan Prezidenti: "İqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir"
  • Clock-gray 03:54
  • calendar-gray 31 Dekabr 2019

"Artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur".

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" televiziya kanalına verdiyi müsahibəsində səsləndirib.

Dövlət başçısı deyib ki, Azərbaycanın Avropa ölkələri ilə yaxşı, xoş münasibətləri var. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya bu cür sənədlər qəbul edilib.

"Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin "Brexit"dən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib", - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev bildirib ki, hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün bunlar başqa ölkələrlə münasibətlər qurulmasına əsla mane olmur: "Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından tamamilə müstəqil kurs yürüdür. Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqilik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun təqribən 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiq və basqıları dəf etmək üçün bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub".

apa-logo-mini

Digər xəbərlər