Azərbaycan Prezidenti: "Gələn il birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsi planlaşdırılır"

Azərbaycan Prezidenti: "Gələn il birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsi planlaşdırılır"
# 31 dekabr 2019 03:09 (UTC +04:00)

"Bu il bizim münasibətlərimizin tarixinə ölkələrimizin yaxınlaşması baxımından ən fəal və dinamik illərdən biri kimi daxil olacaq. Yüksək səviyyədə əlaqələrimiz çox olub".

APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya-24" televiziya kanalına müsahibəsində səsləndirib.

Dövlət başçısı bildirib ki, Rusiya Prezidenti ilə dəfələrlə görüş keçirilib və hər bir görüş çox faydalı, səmərəli və nəticəyönümlü olub.

"Bizim öz komandalarımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi – ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş “yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin “yol xəritələri”nə daha ikisi – innovasiyalar üzrə və gənclər siyasəti üzrə “yol xəritələri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi".

Prezident İlham Əliyev deyib ki, artıq gələn ilin fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsi planlaşdırılır: "Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır. Buna görə əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələn, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq.

Sənaye sahəsində çox iş görülüb. Şadıq ki, bu il Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib. “Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. Bu da çox mühüm hadisədir. Ona görə ki, bu gün biz əczaçılıq şirkətlərinin məhsullarının satışı məsələsində çox cəhətdən idxaldan asılıyıq. Bu il həm də “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Deməliyəm ki, bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər".

Dövlətimizin başçısı bu ilin hərbi-texniki əməkdaşlıq baxımından da uğurlu olduğunu diqqətə çatdırıb: "Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik. Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə, “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb. Biz metronun vaqon parkını tamamilə yeniləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu açılıb. Bu da əlamətdar hadisədir. Pavilyon ilkin görkəmində bərpa edilib. Bu, məşhur beynəlxalq məkanda Azərbaycanın mədəni mərkəzidir".

Bundan başqa, Prezident İlham Əliyev dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışını da iki ölkə arasında həyata keçirilən uğurlu layihələrdən biri adlandırıb: "Bu körpü dövlətlərimizi əlaqələndirir. Bu da çox mühüm hadisədir. Ona görə ki, köhnə körpü ötən əsrin 50-ci illərində tikilmişdi və daşınan yüklərin, oradan keçən minik avtomobillərinin həcminə davam gətirmirdi. Buna görə dekabrın 24-də sərhəddə təntənəli şəraitdə istifadəyə verilmiş körpü bizim əməkdaşlığımız, habelə regional əməkdaşlıq üçün yeni qapı olacaq. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR