Azərbaycan Prezidentinin köməkçisi Nobel mükafatının Qorbaçovdan geri alınmasını təklif edib

Azərbaycan Prezidentinin köməkçisi Nobel mükafatının Qorbaçovdan geri alınmasını təklif edib
# 17 yanvar 2020 10:52 (UTC +04:00)

“20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən hadisə kimi baxmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilirdi və bu proses Dağlıq Qarabağda da gedirdi: “Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalistin fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getməsi və Heydər Əliyev orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil”.

H. Hacıyevin sözlərinə görə, sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq olub: “Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Qeyd edək ki, sülh sahəsindəki Nobel mükafatı Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR