Azərbaycan XİN başçısı: “Aİ ilə imzalanacaq sazişin ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir”

Azərbaycan XİN başçısı: “Aİ ilə imzalanacaq sazişin ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir”
  • Clock-gray 11:39
  • calendar-gray 30 Dekabr 2019

“Azərbaycanla Avropa İttifaqı (Aİ) bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bölüşürlər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bir qrup media nümayəndəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Aİ rəsmilərinin çoxsaylı bəyanatlarında, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur və Azərbaycan İttifaqın etibarlı və mühüm tərəfdaşı kimi qiymətləndirilir.

“Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minib və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş verib, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilib, ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olub. Vətəndaşların sosial rifahının yüksəldilməsi, ədliyyə, sosial və dövlət idarəçiliyi sahəsində uğurlu islahatlar aparılır. Azərbaycan hazırda bölgədə iqtisadi layihələrin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilib və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmayə qoymuş ölkəyə çevrilib. Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək verib, 15 mlrd. avro miqdarında Avropaya sərmayə qoyub. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəql edilməsi nəzərdə tutulub. Ölkəmiz 1990-cı illərdə Aİ-nin yatırımına ehtiyac olan diyardan hazırda Avropanın inkişafına real dəstək verən dövlətə çevrilib. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranıb.

Məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçib, “Strateji tərəfdaşlıq Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif edib. Brüssel də bu təklifi qəbul edib. Beləliklə, siyasi və iqtisadi münasibətlərin Tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi. 2017-ci ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı.

3 ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilib, sənədin əksər hissəsi razılaşdırılıb. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmayıblar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir. Şablon yanaşmadan uzaq, reallıqlara söykənən və hər iki tərəfi qane edən yanaşma müsbət nəticənin əldə olunmasında mühüm amillərdən biridir. Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcək. Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir”, - deyə E. Məmmədyarov vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər