Azərbaycan XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb - YENİLƏNİB

Azərbaycan XİN ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb - YENİLƏNİB
  • Clock-gray 13:44
  • calendar-gray 23 İyul 2020

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini müşahidə edirik.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı törədilən erməni təxribatları özündə vandalizm və terror elementlərini ehtiva etməklə və bilərəkdən azərbaycanlı icmaların üzvlərinə, diplomatlara və onların mülklərinə xəsarət yetirmək məqsədini güdməklə cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.

Radikal erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terrorçuluğu ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirmiş, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

Erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.

Xatırladırıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.

Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Araşdırma prosesi və onun nəticələri barədə məlumatın əldə edilməsi aidiyyəti diplomatik nümayəndəliklərimiz vasitəsilə nəzarətdə saxlanılacaq. Araşdırmaların gedişatı və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq.

Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib.

***

12.54

“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”.

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir.

Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir: “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir. Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər