Azərbaycan səfirliyi Vyetnamda xeyriyyə yarmarkasında “Qarabağ Azərbaycandır” adlı pavilyonu ilə iştirak edib

Azərbaycan səfirliyi Vyetnamda xeyriyyə yarmarkasında “Qarabağ Azərbaycandır” adlı pavilyonu ilə iştirak edib
# 07 dekabr 2020 14:57 (UTC +04:00)

Dekabrın 6-da Azərbaycanın Vyetnamdakı Səfirliyi Hanoy şəhərində Vyetnam Xarici Işlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Qida Festivalı 2020” ənənəvi xeyriyyə yarmarkasında “Qarabağ Azərbaycandır” adlı pavilyonu ilə iştirak edib.

Azərbaycanın Vyetnamdakı Səfirliyindən APA-ya verilən məlumata görə, 140 pavilyonun açıldığı yarmarkada Hanoyda akkreditə olunmuş diplomatik korpus, Vyetnam XİN-i, Vyetnam Xalq Komitələrinin Xarici İşlər idarələri, habelə qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edib.

Ölkələr arasında mədəni mübadilələri və qarşılıqlı anlaşmanı təşviqetmə məqsədini daşıyan yarmarkada ölkəmiz üçün ayrılmış pavilyonun tərtibatında Azərbaycanın qələbəsi ilə nəticələnən xalqımızın Vətən müharibəsi zamanı işğaldan azad olunmuş rayonlarımızın adları və şəkilləri öz əksini tapıbr. Həmçinin Azərbaycanın qədim tarixi abidələrini, müasir infrakstrukturunu, turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Yarmarka zamanı səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilib.

Tədbirdə Azərbaycan mətbəxinin ləziz nümunələri içtirakçılara təqdim olunub.

Tədbir zamanı Vyetnam Baş nazirinin müavini, xarici işlər naziri Pham Binh Minhin həyat yoldaşı,səfir Nguyen Nguyet Ngan xeyriyyə fəaliyyətinə dəstəyə görə Azərbaycan Səfirliyinə Vyetnam XİN-nin təşəkkür sertifikatını təqdim edib.

Qeyd olunmalıdır ki, xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur və keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır.

Tədbir Vyetnam KİV-lərində geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR