Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri müzakirə olunub

Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri müzakirə olunub
# 24 iyun 2020 18:38 (UTC +04:00)

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) üzv və müşahidəçi statusuna malik olan 18 ölkənin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Xarici İşlər naziri və BFT-yə tam hüquqlu üzv, assosiativ üzv və müşahidəçi statusuna malik ölkələrin nümayəndələri arasında təşkil edilən bu ilk görüşə görə minnətdarlığını ifadə edib.

Səfir həmçinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış hazırkı durumda Azərbaycan XİN-in istər koronavirusa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusla əlaqələndirmə işində vacib rol oynadığını qeyd edib.

E. Məmmədyarov öz növbəsində, Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq mövzusunda xüsusi sessiyasının çağırılması təşəbbüsü, habelə fransız dilinin Azərbaycanda yeri və təşviqindən danışıb.

Nazir səfirlərin suallarını cavablandıraraq, koronavirus infeksiyası ilə bağlı vəziyyət, Azərbaycanın dövlət sərhədlərinin yenidən açılması və beynəlxalq uçuşların bərpası perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

E. Məmmədyarov fransızdilli səfirlər qrupunun Azərbaycanda hər il ənənəvi təşkil edilən “frankofoniya həftəsi” tədbirlərinə dəvətini məmnuniyyətlə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR