Azərbaycanın diplomatik münasibətlər qurduğu ölkələrin sayı 185-ə çatıb

Azərbaycanın diplomatik münasibətlər qurduğu ölkələrin sayı 185-ə çatıb
# 30 dekabr 2019 12:08 (UTC +04:00)

“Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət kursu uğurla davam etdirilmişdir. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal şəkildə iştirakı, xarici ölkə və təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, Azərbaycan haqqında, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi, eləcə də mühüm beynəlxalq təşəbbüslərdə iştirakımız və töhfəmiz davam etdirilib”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində Azərbaycanın cari il ərzində xarici siyasət sahəsində fəaliyyətini qiymətləndirərkən deyib.

Nazirin sözlərinə görə, təqdirəlayiq haldır ki, bu il ölkəmiz iki beynəlxalq təşkilatın zirvə görüşünə ev sahibliyi edib: “Qoşulmama Hərəkatı və Türk Şurasına sədrlik qarşıdan gələn il ərzində ölkəmiz tərəfindən həyata keçiriləcək. Ölkəmiz, həmçinin, növbəti il digər iki regional təşkilata GUAM və TRACECA-ya sədrliyi həyata keçirəcək. Bu, əlbəttə ki, bu təşkilatların çoxsaylı üzv ölkələri tərəfindən Azərbaycana göstərilən etimadın bariz nümunəsidir. Bu il Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirərək dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə üzv olub, eləcə də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu alıb”.

E. Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iştirak etdiyimiz bütün beynəlxalq platformalarda gündəlikdə saxlanılaraq, münaqişənin həlli ilə bağlı hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edən bəyanat, tövsiyə qətnamə və sənədlər qəbul olunub.

“Cari il ərzində Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası ilə diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikelər imzalanıb, beləliklə də, Azərbaycan Respublikasının diplomatik münasibətlər qurduğu ölkələrin sayı 185-ə yüksəlib. Cari il ərzində ölkəmizdə Monteneqronun və Slovakiya Respublikasının səfirlikləri fəaliyyətə başlayıb. İlin yekunlarına dair yerli jurnalistlərə verdiyi müsahibəsində Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, il ərzində həm ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Həmçinin eyni çərçivədə 61 ölkənin Xarici İşlər naziri ölkəmizə səfər etmiş, eləcə də Azərbaycan Xarici İşlər naziri olaraq mənim 27 ölkəyə rəsmi və işgüzar səfərlərim baş tutub. Həyata keçirilən hər bir səfərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərimizin inkişafına verilən töhfə olduğunu diqqətə alsaq, o zaman 2019-cu ilin ölkəmizin əməkdaşlıq çərçivəsini genişləndirməsi baxımından nə dərəcədə mühüm bir il olduğu nəticəsinə gəlmək olar”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR