Azərbaycanın rəhbərlik etdiyi Türk Şurası müşahidə missiyası Qazaxıstanda seçkiləri müşahidə edib

Azərbaycanın rəhbərlik etdiyi Türk Şurası müşahidə missiyası Qazaxıstanda seçkiləri müşahidə edib
# 12 avqust 2020 16:39 (UTC +04:00)

Bu gün Qazaxıstan Senatına - parlamentin yuxarı palatasına seçkilər keçirilib. Pandemiya şəraitində seçkilərin keçirilməsi üçün xüsusi qaydalar tətbiq olunub və prosesə məhdud sayda müşahidəçilər qatılıb.

APA-nın məlumatına görə, seçkiləri izləyən yeganə beynəlxalq təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müşahidə missiyasına Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edib.

Səfir koronavirus pandemiyası səbəbindən daha geniş tərkibli nümayəndə heyətinin seçkilərdə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib, rəhbərlik etdiyi heyətdə ölkəmizlə yanaşı, Türkiyə, Qırğızıstan və Özbəkistandan nümayəndələrin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, seçkilər yerli qanunvericiliyə uyğun, demokratik şəraitdə, açıq və şəffaf keçirilib:

“Türk Şurası təşkilata üzv ölkələrin Qazaxıstandakı diplomatik missiyalarının tərkibindən müşahidə missiyasının yaradılmasına qərar verib. Bu gün biz namizədlər, müşahidəçilər və media nümayəndələri qeydiyyatdan keçdikdən sonra seçki prosesini izlədik. Eyni zamanda, Maslixat və Nur-Sultan şəhər seçki komissiyasının birgə iclasında iştirak etdik. Seçkilər yerli qanunvericiliyə uyğun, demokratik şəraitdə, açıq və şəffaf keçirildi. Müşahidə missiyasının səsvermə prosesi və seçkilərlə bağlı geniş və yekun rəyi Türk Şurası tərəfindən açıqlanacaq”.

Qazaxıstan Parlamenti Senatına seçkilər çərçivəsində Türk Şurasının Müşahidə Missiyası həmçinin, ölkənin Mərkəzi Seçki Komissiyası və Nur-Sultan şəhər meriyasının rəhbərliyi ilə görüşlər keçirib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Qazaxıstan Parlamenti Senatına seçilmiş 17 deputatın səlahiyyət müddəti başa çatır. Senata namizədlərin irəli sürülməsi iyunun 13-dən başlanıb və qeydiyyat iyulun 23-dək davam edib. Seçkilərdə 17 yer uğrunda 46 namizəd mübarizə aparıb. Onlara yerli qanunverici orqanların - məslixatların deputatları səs veriblər.

Qanunverici orqanın yuxarı palatasında cəmi 49 yer var. Senatorlardan 15-i cəmiyyətin milli-mədəni maraqlarının təmsilçiliyi nəzərə alınmaqla dövlət başçısı tərəfindən tərəfindən təyin olunur, qalanları isə seçki yolu ilə seçilir. Seçilmiş senatorların yarısı üç ildən bir təkrarlanan seçkil ilə yenilənir. Senatın səlahiyyət müddəti altı ildir.

Seçkilərin rəsmi nəticələri MSK tərəfindən avqustun 13-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR