BMTM İdarə Heyəti üzvünün məqaləsi ABŞ jurnalında çap olunub

BMTM İdarə Heyəti üzvünün məqaləsi ABŞ jurnalında çap olunub
# 26 dekabr 2019 17:52 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi ABŞ-ın “Georgetown Journal of International Affairs" (GJİA) nəşrində dərc olunub.

Mərkəzdən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycanın 1994-cü ildən bəri “Əsrin Müqaviləsi”ni imzalaması ilə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin əhəmiyyətindən bəhs edilir.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanmaqla yanaşı, həm də hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunulub, bərpa olunan enerji mənbələrinin payının ölkənin ümumi enerji istehlak balansında artırılması yönündə aparılan işlər qeyd olunub.

Bildirilib ki, hazırda ölkədə bu yöndə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır.

“Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmaqla 17-18 faiz təşkil edir”, - deyə müəllif vurğulayır.

Bundan başqa, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamına toxunulub. Bu sərəncamın bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsi üçün önəmli bir addım olduğu da vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR