BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq və neytral vasitəçi qismində çıxış etməyə hazırıq

BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq və neytral vasitəçi qismində çıxış etməyə hazırıq
# 14 iyul 2020 16:32 (UTC +04:00)

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca 12 iyul 2020-ci il tarixindən etibarən intensivləşmiş və barəsində məlumat verilmiş hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır".

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir: "BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır".

BQXK-nın region üzrə əməliyyatlarının direktoru Martin Syup deyib ki, BQXK tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırır: "Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq”.

BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri vasitəsilə Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR