Bağdad Amreyev Azərbaycan Prezidentini təbrik edib

Bağdad Amreyev Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 17:38
  • calendar-gray 28 Dekabr 2020

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə həyata keçirilən strateji fəaliyyət xətti sayəsində dünya dövlətləri arasında nüfuzunu daha da möhkəmləndirib və regional siyasətin formalaşdırılmasında aparıcı dövlətə çevrilmişdir.

Türk Şurasının yaradılması və daha da gücləndirilməsində qardaş Azərbaycanın mühüm rolunu bir daha qürurla vurğulamaq istərdim. Sizin sədrliyiniz dövründə Türk Şurası regionumuzda daha cəlbedici platformaya çevrilib. Zati-alinizin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşü bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəyliyin və birliyin nümayişi olaraq beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırıb. Məhz Sizin irəli sürdüyünüz təşəbbüsləri rəhbər tutaraq, Türk Şurası Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx tərəfdaşlıq münasibətləri qurub.

Zati-aliləri, Sizin Ali Baş Komandan kimi sarsılmaz iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqı və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazandığınız tarixi Qələbə təkcə qardaş Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyinə çevrildi. Müasir Azərbaycan tarixinə böyük hərflərlə yazılacaq bu tarixi Zəfərinizlə Siz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiniz, Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyünün bərpasına nail oldunuz, regionumuzda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün şərait yaratdınız.

Habelə xüsusi olaraq vurğulamaq istərdim ki, noyabrın 10-da imzalanmış Bəyanatda Sizin təkidinizlə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edəcək dəhlizə dair müddəanın təsbit edilməsi bölgədə uzunmüddətli sülhə və tərəqqiyə öz töhfəsini verməklə yanaşı, qardaş ölkələrimiz arasındakı quru bağlantısını bərpa edərək Türk Şurası çərçivəsindəki inteqrasiya proseslərinin inkişafına da təkan olacaqdır.

Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə üzv ölkələrimiz arasındakı çoxtərəfli əməkdaşlıq münasibətləri bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə bir daha möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

apa-logo-mini

Digər xəbərlər