Britaniya səfiri: "Azərbaycanın ən vacib müdafiə məsələsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır"

Britaniya səfiri: "Azərbaycanın ən vacib müdafiə məsələsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır"
# 27 yanvar 2020 10:29 (UTC +04:00)

“Böyük Britaniya hökuməti uzun illərdir Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatlara dəstək verir”.

Bunu APA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Onun sözlərinə görə, Britaniya hökuməti azərbaycanlı hərbçilər üçün ingilis dili kursları təşkil edib ki, bu kurslar həm Azərbaycanda, həm də Britaniyada keçirilib.

“Çox şadam ki, bu kurs bu dəfə Gürcüstandan olan nümayəndələrin iştirakı ilə Azərbaycanda keçirilir. Düşünürəm ki, müdafiə sahəsində idarəçiliklə bağlı olan bu kurs çox vacibdir. Böyük Britaniya NATO və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bizim qlobal maraqlarımız var. Azərbaycan mürəkkəb bir regionda yerləşir. Azərbaycanın ən vacib müdafiə məsələsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bütün bunlarla yanaşı, coğrafi məsələləri də əlavə etmək lazımdır. Biz meydana çıxan transmilli və transsərhəd təhlükələrdə artım görürük. Narkotik ticarəti, kiber təhlükə, qeyri-qanuni miqrasiya, terrorizm və s. Çox güman ki, gələcəkdə iqlim dəyişikliyi də bizim təhlükəsizlik problemlərimiz arasında olacaq”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, bu gün Böyük Britaniya Müdafiə Akademiyasının polkovnik-leytenantı Daren Hughes və Kranfild Universitetinin professoru Laura Kleyer tərəfindən Azərbaycan və Gürcüstanın yüksək səviyyəli müdafiə və təhlükəsizlik sahəsində olan nümayəndələri üçün həftəlik kurslara start verilib. Kurs iştirakçıları müdafiə və təhlükəsizlik sistemlərinin idarə edilməsində peşəkar bilik və təhlil bacarıqlarını genişləndirəcəklər. Kursun açılışında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, müdafiə attaşesinin müavini mayor Uilyam Corc və Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini polkovnik Mirzə Abdullayev iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR