Britaniya səfiri: “Biz göstərdik ki, iqtisadiyyatınızı böyütməklə eyni vaxtda karbon emissiyalarını azalda bilərsiniz”

Britaniya səfiri: “Biz göstərdik ki, iqtisadiyyatınızı böyütməklə eyni vaxtda karbon emissiyalarını azalda bilərsiniz”
# 04 fevral 2021 16:27 (UTC +04:00)

“Biz iqlim dəyişikliyi ilə bağlı addımlar atmışıq. Bunlardan biri hökumətin Britaniyanın 1990-cı illə müqayisədə 2030-cu ilə qədər qaz emissiyalarını ən azı 68% azaldacağını elan etməsidir. Bu hədəfə nail olmaq mümkündür. 2030-cu ilədək yalnız 68% deyil, 2050-ci ilə qədər “sıfır emissiya” öhdəliyini üzərimizə götürmüşük. Əslində biz artıq əhəmiyyətli irəliləyiş əldə etmişik, iqtisadiyyatımız 75% böyüyüb, emissiyaları isə 43% azaltmışıq. Beləliklə, biz göstərdik ki, iqtisadiyyatınızı böyütməklə eyni vaxtda karbon emissiyalarını azalda bilərsiniz. Biz bunu necə etmişik və necə edəcəyik? Keçən ilin sonlarında hədəflərimizə necə nail olacağımızı əks etdirən On Bəndlik Planı yayımladıq. Bunların bəzisi enerji mənbələrimizə dəyişikliklər vasitəsilədir”.

Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) APA-ya müsahibəsində deyib.

Səfir Şarp qeyd edib ki, nüvə və hidrogenin rolu olacaq, lakin bərpa olunan enerji daha çox ön plandadır: “Britaniya dünyanın ən böyük dəniz külək enerjisi istehsalçısıdır. Ötən il ilk dəfə olaraq biz bərpa olunan mənbələrdən qalıq yanacaqlardan istehsal etdiyimiz elektrik enerjisi ilə müqayisədə daha çox elektrik enerjisi istehsal etdik. Bu, ilk dəfədir - enerji qarışığımızda çox tarixi dəyişiklikdir.

Planımızdakı digər sahələrə binalar və nəqliyyat - aviasiya, gəmiçilik və avtomobil nəqliyyatı vasitələri daxildir. Beləliklə, Britaniya elan edib ki, 2030-cu il tarixindən etibarən yeni benzin və ya dizel avtomobil almaq mümkün olmayacaq, yalnız elektrik avtomobillər və hibridlər alınacaq. Bu, inqilabi bir dəyişiklikdir.

2021-ci ilin noyabrında Qlazqoda keçiriləcək COP26 BMT-nin İqlim Dəyişikliyi Sammitinə rəhbərlik edirik, buna görə də liderlik göstərmək istəyirik. Lakin hamı öz töhfəsini verməlidir - bu, qlobal həllər tələb edən problemdir. ABŞ-ın indi bizim sıralarımızda olması çox əladır. Biz Azərbaycanın öz öhdəliklərini gücləndirməsini istəyirik - fikrimizcə, karbohidrogen istehsalçılarının xüsusi məsuliyyəti var. Hökumətin buradakı enerji qarışığında bərpa olunan mənbələrin payını artırmağa çalışdığını görmək yaxşıdır, BP-nin də bunda iştirak etmək istədiyini bilirəm. Hökumətə emissiya səviyyəsini izləməyə kömək edir, həmçinin Gəncə və Bərdə kimi münaqişələrdən təsirlənmiş şəhərlərdə binaların enerji səmərəliliyinin artırılması kimi bir sıra layihələr vasitəsilə dəstək veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR