Britaniyada Xocalı həqiqətləri ilə bağlı tədbir keçirilib - FOTO

Britaniyada Xocalı həqiqətləri ilə bağlı tədbir keçirilib - FOTO
  • Clock-gray 23:09
  • calendar-gray 26 Fevral 2021

Londonda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu ölkədə koronavirus məhdudiyyətlərinə görə videokonfrans formatında keçirilən tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev, Milli Məclisin üzvü, deputat Nigar Arpadarai, Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü Bob Blekmen, Azərbaycan Evinin sədri Dr. Əli Tekin Atalar, azərbaycanlı və xarici qonaqlar iştirak ediblər.

Səfir Tahir Tağızadə Xocalı faciəsini XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.

Britaniya Parlamentinin üzvü Bob Blekmen regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anıb. O, 26 fevral 2021-ci ildə Xocalı qətliamının 29-cu ildönümünü qeyd edən Azərbaycan xalqına İcmalar Palatası adından başsağlığı ifadə edib.

Cavanşir Feyziyev Xocalının Azərbaycan xalqına qarşı törədilən ən qəddar qətliam olduğunu bildirib.

Daha sonra tədbir çərçivəsində Xocalı soyqırımı haqqında sənədli filmlər nümayiş etdirilib.

Qeyd edək ki, bundan əlavə, bu gün Britaniya Parlamentinin qarşısında bir qrup azərbaycanlı Xocalı həqiqətlərinin əks olunduğu məlumat vərəqələrini yerli sakinlərə paylayıb. Onlar əllərində "Xocalıya Ədalət!" şüarlarının əks olunduğu plakatlar tutublar.

Aytən Abbaslı

Digər xəbərlər